SİYASƏT
Moldovadakı səfirliyimizin və diasporun təşəbbüsü ilə Qaqauziyadakı vətəndaşlarımıza yardım edilib VİDEO
Kişineu, 23 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Moldovadakı səfirliyinin və Moldova Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü ilə koronavirus pandemiyası ilə əlaqədar yaradılan fövqəladə komitə bu ölkədə yaşayan soydaşlarımıza, Azərbaycan vətəndaşlarına və tələbələrimizə yardımlarını davam etdirir.
Komitənin sədri, diaspor fəalı Maarif Rəhimov AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycanın Moldovadakı səfiri Qüdsü Osmanovun təşəbbüsü və dəstəyi ilə növbəti yardım Qaqauziya Muxtar Respublikasında təhsil alan tələbələrə, həmin ərazidə yaşayan soydaşlarımıza edilib.
Ulu öndər Heydər Əliyevin Qaqauziyadakı büstü önünə gül dəstələri qoyulub.
Azərbaycan nümayəndə heyətini Qaqauziya hakimiyyətinin Xarici əlaqələr departamentinin rəhbəri Vitali Vlax qarşılayaraq bu nəcib təşəbbüsü göstərdiyinə görə, dövlətimizə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan dövləti həmişə Qaqauziyaya öz maddi və mənəvi dəstəyini əsirgəməyib.
Sonra isə Qaqauziyada təhsil alan azərbaycanlı tələbələr və Azərbaycan ailələrinə yardımlar çatdırılıb. Azərbaycanlı tələbələr ölkəmizin səfirliyinin onlarla daim əlaqə saxladığını qeyd edərək, Prezident İlham Əliyevə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildiriblər.
Bundan əlavə, səfirliklə konqres birgə olaraq paytaxt Kişineuda və Qaqauziyada pandemiya ilə bağlı regionun sosial layihələrinə yönəldilən maliyyə yardımı da ediblər.
M.Rəhimov bildirib ki, ölkənin bütün bölgələrində yaşayan soydaşlarımıza və Azərbaycan vətəndaşlarına bu yardımlar davam etdiriləcək.
Qeyd edək ki, koronovirus (COVID-19) pandemiyası ilə bağlı Moldovada yaşayan və ehtiyacı olan soydaşlarımıza yardım məqsədilə səfir Qüdsi Osmanovun təşəbbüsü ilə Səfirlik Moldova Azərbaycanlıları Konqresi ilə birlikdə komitə yaradılıb. Komitəyə səfirliyin və konqresin nümayəndələri daxildir. Komitənin fonduna səfir və Moldovada imkanlı soydaşlarımız vəsait ayırıblar. Moldovada təqribən 5000 nəfər soydaşımızın yaşadığı qeyd edilir. Onlardan təqribən 400 nəfəri bu gün məlum vəziyyətə görə ehtiyacı olanlardır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu