İDMAN
Moldovalı atlet dünyanın ən soyuq nöqtəsində xeyriyyə marafonunda iştirak edib
Bakı, 16 yanvar, AZƏRTAC
Moldovalı atlet Dmitri Voloşin, dünyanın ən soyuq nöqtəsində, temperaturun mənfi 71 dərəcəyə düşə biləcəyi Yakutiyanın Oymyakonski rayonunda 50 kilometrlik xeyriyyə marafonunda iştirak edib.
AZƏRTAC “Newsru.com”a istinadla xəbər verir ki, marafon serebral iflicdən əziyyət çəkən 4 yaşlı Yeva Pismenyukun müalicəsinə yardım etmək üçün vəsait toplamaq məqsədilə həyata keçirilib. Xeyriyyə marafonunda Voloşin 50 kilometrlik məsafəni 6 saata qət edərək ən aşağı temperaturda qaçış rekordu müəyyən edib.
Meteoroloji hesabatlara görə, yarış zamanı havanın temperaturu mənfi 60 dərəcəyədək aşağı düşüb. O, həkimlər və xilasedicilərin dəstəyi olmadan, müstəqil olaraq, belə bir məsafəni çox aşağı temperaturda qət edən ilk idmançı kimi tarixə düşüb.
“Bu, mənim idman karyeramın ən sərt sınağı idi. Dəhşətli soyuq və hava çatışmazlığı şəraitində nəfəs almaq çox çətin idi. Maska buz bağlamışdı”, - deyə D.Voloşin bildirib.