SİYASƏT
Moldovanın aparıcı xəbər portalında Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc edilib
Kişineu, 21 noyabr, AZƏRTAC
Moldovanın böyük oxucu auditoriyasına malik olan aparıcı xəbər portalı Tribuna.md “Separatizmin dövlətçiliyin və ölkələrin sabitliyinə təhlükəsi” adlı analitik məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Moldovanın Effektiv Siyasət İnstitutunun direktor müavini, tarix elmləri doktoru Ruslan Şevçenko Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin müqayisəli analizini aparır.
R.Şevçenko Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə və səbəblərinə toxunur. O, həm Dağlıq Qarabağda, həm Dnestryanı vilayətində XIX əsrin sonu XX əsrin əvvəllərində milli azlıqların nümayəndələrinin bu ərazilərə qəsdən köçürülməsi, xüsusən ermənilərin Dağlıq Qarabağa hansı şəraitdə və necə köçürülmələri barədə təkzibolunmaz faktları qeyd edir. Müəllif Dağlıq Qarabağda azərbaycanlılara qarşı erməni terrorunun faciəli nəticələrini statistik məlumatlarla göstərir.
Məqalədə beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə baxmayaraq, Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağda quldur rejiminin, o cümlədən Dnestryanı vilayətində onun “analoqu”nun hələ də davam etməsindən bəhs olunur.
Sonda müəllif sübut edir ki, separatizm böyük faciələr, o cümlədən böyük insan itkiləri, iqtisadiyyatın dağılması, xalqlar üçün silinməz mənəvi zədələr ilə nəticələnir. Buna görə də ölkələr və xalqlar arasında sülhü qorumaq üçün istənilən dövlət separatizmə qarşı amansız mübarizə aparmalıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu