QAN YADDAŞI
Moldovanın xəbər portalında AZƏRTAC-ın xüsusi müxbirinin Xocalı soyqırımına dair məqaləsi yerləşdirilib
Bakı, 26 fevral, AZƏRTAC
AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Moldovanın “Tribuna.md” xəbər portalında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı məqaləsi dərc edilib.
“Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması” sərlövhəli məqalədə erməni silahlılarının Xocalı şəhərində azərbaycanlı mülki şəxslərə qarşı törətdiyi soyqırımı aktından geniş bəhs edilib. Müəllif qeyd edir ki, ən müasir silahlardan istifadə edərək şəhərə hücum edən ermənilər Xocalı şəhərini tamamilə məhv ediblər. Şəhər çox sayda ağır texnikanın köməyi ilə yandırılıb və sakinlər xüsusi qəddarlıqla öldürülüb. Onların başları kəsilib, gözləri çıxarılıb, dəriləri soyulub. Erməni silahlı dəstələri tərəfindən törədilən Xocalı soyqırımında 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca amansızlıqla qətlə yetirilib.
Məqalədə vurğulanır ki, Xocalı faciəsi təxminən iki yüz ildir erməni faşistlərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.
Müəllif məqalədə qeyd edir: “Xocalı soyqırımı ilə bağlı dünya mətbuatı kifayət qədər məlumat yayıb. Belə ki, Fransanın “Valer aktuel”, “Le Mond” qəzetləri, İngiltərənin “The Sunday Times”, ABŞ-ın “Washington Post”, Rusiyanın “İzvestiya” qəzetləri ermənilərin Xocalıda mülki azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktı ilə bağlı kifayət qədər dəlillər gətiriblər”.