ELM VƏ TƏHSİL
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2019-cu ilin elmi seminarlarına start verilib
Bakı, 9 yanvar, AZƏRTAC
Yanvarın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2019-cu ilin elmi seminarlarına start verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilin ilk seminarında “Hesablama struktur biologiyası” laboratoriyasının elmi işçisi Rəfiqə Məsməliyevanın Kembric şəhərinin Tibbi Araşdırmalar Mərkəzinin Molekulyar Biologiya İnstitutunda apardığı tədqiqat işi haqqında məruzəsi dinlənilib.
Seminarda zülal quruluşlarının yoxlanılmasının tarixi icmalı, makromolekulyar quruluşların validasiya meyarları, mövcud yoxlama proqramları - PROCHECK, Coot, MolProbity proqram təminatları haqqında məlumat verilib. Eləcə də Zülal Verilənlər Bazasına hər quruluş üçün yerləşdirilən yoxlama hesabatına daxil olan statistika müzakirə edilib.
Məruzəçinin dissertasiya işinin mövzusu yeni yoxlama metodunun hazırlanmasından ibarətdir. O, hesablama struktur biologiyası laboratoriyasının zülal quruluşlarının yoxlanılması üçün yeni metodun hazırlanması istiqamətində aldıqları nəticələrdən və perspektivlərdən danışıb. Görülən tədqiqat işi böyük maraqla qarşılanıb və məruzəçi ona ünvanlanan sualları əhatəli cavablandırıb.