ELM VƏ TƏHSİL
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda akademik Cəlal Əliyevin xatirəsi anılıb
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi şuranın Zoom platforması üzərindən iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan elmi müəssisənin direktoru, akademik İradə Hüseynova iclasın dünya şöhrətli alim, akademik Cəlal Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunduğunu vurğulayıb.
İclasdan əvvəl institutun bir qrup nümayəndəsi mərhum akademikin Fəxri xiyabandakı məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Akademik İ.Hüseynova təəssüflə bildirib ki, pandemiya ilə əlaqədar Cəlal Əliyevin doğum gününü hər il olduğu kimi onun tələbələrinin elmi işlərinin müdafiəsi kimi bir tədbirlə keçirmək mümkün olmayıb.
O, Cəlal Əliyevin Azərbaycanda biologiya elminin inkişafında müstəsna rolundan bəhs edərək akademikin elmi məktəbinin yetirmələrinin səs-sorağının bu gün ABŞ, Kanada, İsveç, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Avstraliya, Rusiya və digər ölkələrin tanınmış universitetlərindən, elmi-tədqiqat müəssisələrindən, beynəlxalq mərkəzlərdən gəldiyini xüsusi qeyd edib.
Akademik vurğulayıb ki, Cəlal Əliyev keçən əsrin 70-ci illərində Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, kompüter biologiyası və bioinformatikanın bünövrəsini qoyub, onların inkişafının başlıca istiqamətlərini müəyyənləşdirib və zəngin elmi məktəb formalaşdırıb.
Sonra görkəmli alimin tələbələri - AMEA-nın müxbir üzvləri Novruz Quliyev, İbrahim Əzizov, Tərlan Məmmədov, hazırda Cənubi Koreyanın Pusan Universitetində çalışan İsmayıl Zülfüqarov akademik Cəlal Əliyev haqqında xatirələrini bölüşüblər. Onlar C.Əliyev məktəbinin yetirmələri olmaları ilə fəxr etdiklərini, bir şəxsiyyət kimi tələbələrinə daim örnək olan alimin Azərbaycanda biologiya elminin inkişafında müstəsna rolunu qeyd ediblər.
İnstitutda çalışan gənclər adından çıxış edən elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ulduzə Qurbanova görkəmli akademikin elmi və ictimai fəaliyyətinin onlar üçün bir nümunə olduğunu vurğulayaraq C.Əliyevin elmi irsini qoruyacaqlarına və layiqincə davam etdirəcəklərinə söz verib.
İclasın sonunda bir sıra təşkilati məsələlər müzakirə olunub.