ELM VƏ TƏHSİL
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda dissertantların attestasiyası keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı proqramı üzrə dissertantların onlayn attestasiyası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, fəlsəfə doktoru proqramı istiqamətində molekulyar biologiya ixtisası üzrə 5, biotexnologiya üzrə 4, riyazi biologiya, bioinformatika üzrə 1, biofizika üzrə 1, bitki fiziologiyası üzrə 1 iddiaçı, elmlər doktoru proqramı istiqamətində isə molekulyar biologiya ixtisası üzrə 4, biokimya üzrə 1, bitki fiziologiyası ixtisası üzrə 3 nəfər iddiaçı elmi-tədqiqat işləri üzərində çalışır.
İnstitutun direktoru, akademik İradə Hüseynovanın 2021-ci il 8 fevral tarixli əmrinə əsasən attestasiyanın keçirilməsi məqsədilə komissiya yaradılıb. Tədbir institutun fəlsəfə və elmlər doktoru hazırlığı proqramı üzrə dissertantlarının 2020-ci ildə yerinə yetirdikləri araşdırmalar və elmi-təşkilati işlərin hesabatı ilə bağlı olub. Fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərini yerinə yetirmiş dissertantların növbəti ilə keçirilməsi haqqında Attestasiya Komissiyası tərəfindən qərar qəbul edilib.
Eyni zamanda, təhsil müddətini başa vurmuş dissertantların da dissertasiya işlərinin vəziyyəti müzakirə olunub. İddiaçılara daha da məsuliyyətli olmaq və dissertasiya işlərinə ciddi yanaşmaq tapşırılıb. Sonda Ali Attestasiya Komissiyasının yeni tələblərinə uyğun olaraq nəşr fəaliyyətinin düzgün həyata keçirilməsi ilə əlaqədar tövsiyələr verilib.