ELM VƏ TƏHSİL


Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası

Bakı, 8 dekabr, AZƏRTAC

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. İnstitutun baş direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova iclası giriş sözü ilə açaraq şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. O, iclasda “Bitkilərin ətraf mühitin stres amillərinə cavab reaksiyalarının molekulyar-genetik və proteomik tədqiqi” mövzusu ətrafında tədqiqat aparan laboratoriyaların hesabatının dinləniləcəyini bildirib.

Genomun quruluşu və ekspressiyası laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov qeyd olunan mövzu ətrafında görülən işlər və əldə olunan nəticələr, nəşr olunan məqalələr, kadr hazırlığı haqqında şura üzvlərinə məlumat verib. Qeyd olunub ki, laboratoriyada cari ildə buğda bitkisində duzadavamlılıqla əlaqəli genlərinin ekspressiya analizi aparılıb, abiotik stresə məruz qalmış bitkilərdə DNT zədələnmələrinin və reparasiyasının total transkriptom səviyyəsində spesifik monoklonal antitellər vasitəsilə müqayisəli tədqiqi həyata keçirilib. Kadr hazırlığı çərçivəsində doktorant Fidan Hüseynova Fransanın Montpelye Universitetinin Biomühəndislik və nanoelmlər laboratoriyasinda təhsilini uğurla başa vurub və dissertasiya işinin müdafiəsinə hazırlaşır. AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi ilə birgə elmi tədqiqatların aparılmasını və kadr hazırlığını nəzərdə tutan müqavilə çərçivəsində Lənkəran Dövlət Universitetinin molekulyar biologiya ixtisası üzrə dissertantı Suğra Həmidova dissertasiya işinin yerinə yetirilməsi üçün həmin bölgədən toplanan bitki nümunələrinin analizini institutun Bioadaptasiya laboratoriyasında həyata keçirib.

Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçiləri biologiya elmləri doktoru Tofiq Allahverdiyev, biologiya üzrə fəlsəfə doktorları Samirə Rüstəmova, Nərgiz Sultanova, Gülnarə Balakişiyeva tərəfindən cari ildə görülən işlər, nəşr olunan məqalələr, yerinə yetirilən qrant layihələri, yerli və xarici ezamiyyələr barəsində şura üzvlərinə hesabat verilib. Qeyd olunub ki, cari ildə qoyulan mövzuya uyğun olaraq su qıtlığı və rehidratasiya şəraitində kontrast buğda genotiplərinin fizioloji statusu qeyri-invaziv rəqəmsal fenotipləmə üsulu ilə qiymətləndirilib, DREB1 transkripsiya faktoru geninin ekspressiyası və antioksidant müdafiə sistemi komponentləri öyrənilib, buğda bitkisində quraqlıq və yüksək temperatura davamlılığa cavabdeh genlər şəbəkəsinin ekspressiya analizi həyata keçirilib, Azərbaycanda bitkilərdə yayılan virus və fitoplazma xəstəliklərinin epidemiologiyası, molekulyar-genetik xarakteristikası, patogen-sahib bitki əlaqələrinin və patogenlərə qarşı davamlılıq mexanizmlərinin tədqiqi sahəsində maraqlı nəticələr əldə olunub. Laboratoriyalarda tədqiqatlar beynəlxalq elmi mərkəzlər və universitetlərlə sıx əməkdaşlıq çərçivəsində aparılıb. Əksəriyyəti gənclərdən ibarət olan laboratoriyada kadr hazırlığı uğurla davam etdirilib. Belə ki, cari ildə laboratoriyanın bitki fiziologiyası ixtisası üzrə dissertantı Lalə Aydınlı dissertasiya işini müdafiə edib, molekulyar biologiya ixtisası üzrə dissertant Gülnar Abdullayeva İslam İnkişaf Bankının PhD üzrə təqaüd proqramı çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində doktorantura təhsili alır. Laboratoriyanın kiçik elmi işçisi Sabina Omarova “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqənin qalibi kimi Fransanın Monpelye Universitetində təhsil almaq hüququ əldə edib.

Çıxışlar ətrafında geniş müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib. İclasın sonunda hesabatların yekdilliklə qəbul olunması barədə qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.