ELM VƏ TƏHSİL
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işçisi Koreyada tədqiqat aparıb
Bakı, 12 dekabr, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Aynurə Paşayeva Koreya Respublikasının Pusan Milli Universitetinin Molekulyar biologiya departamentində 6 ay müddətində elmi ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, A.Paşayeva həmin departamentin laboratoriyasında tanınmış alimlərin rəhbərliyi altında dənli bitkilərdə yüksək işıq intensivliyi təsirindən proteom və metabolom səviyyələrində baş verən dəyişikliklərin öyrənilməsi istiqamətində tədqiqatlar aparıb.
Hazırda molekulyar-genetik, biotexnoloji, proteomiks və metabolomiks kimi yanaşmaların tətbiq olunması dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə bitkilərin duza, quraqlığa, yüksək işıq intensivliyi və digər bu kimi faktorlara davamlılığının artırılması baxımından çox əhəmiyyətlidir və böyük maraq dairəsindədir.
Ezamiyyət müddətində A.Paşayeva laboratoriyanın digər tədqiqat işlərində də yaxından iştirak edərək, tələbə və müəllim heyəti ilə elmi müzakirələr aparıb. O, elmi ezamiyyətin sonunda sertifikata layiq görülüb.
Qeyd edək ki, A.Paşayeva 2018-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində həmin universitetdə elmi-təcrübi ezamiyyətdə olub və mühüm nəticələr əldə edib.