ELM VƏ TƏHSİL
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları elmi ezamiyyətdə olublar
Bakı, 12 noyabr, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) elmi işlər üzrə direktor müavini Ələmdar Məmmədov, Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi Samirə Rüstəmova, elmi işçisi Lalə Aydınlı, kiçik elmi işçisi Səidə Zülfüqarova, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi Ulduzə Qurbanova Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar.
MBBİ-dən AZƏRTAC-a bildirilib ki, ezamiyyət elmi-tədqiqat işləri üçün əkin şəraitində müxtəlif buğda sortları toxumlarının əkilməsi məqsədilə təşkil edilib. Ümumilikdə yerli mənşəli 67, Rusiya 41, Türkiyə 9 və Avropa mənşəli 18 genotip, eləcə də AMEA Genetik Ehtiyatlar İnstitutunun Milli Genbankından əldə edilmiş 65 ədəd növmüxtəlifliyinə aid toxum əkilib. Paralel olaraq, toxumlar laboratoriyada süni iqlim kameralarında da əkilərək tədqiq ediləcək.