ELM VƏ TƏHSİL
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc olunub
Bakı, 29 iyul, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda beynəlxalq əməkdaşlıq çərçivəsində əldə edilmiş nəticələrin əks olunduğu “Düyü bitkisində xlorofil flüoressensiyasının enerjidən asılı formasının sönməsində tilakoid membran zülallarının fosforlaşmasının rolu” adlı məqalə molekulyar biologiya üzrə nüfuzlu beynəlxalq jurnalda (International Journal of Molecular Sciences) dərc olunub. Jurnalın impakt faktoru 5,923-dür.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd olunub ki, məqalə bitkilərdə xlorofil flüoressensiyanın enerjidən asılı formasının sönməsi və tilakoid zülallarının fosforlaşmasının sinxron şəkildə fəaliyyətinin molekulyar mexanizmlərinin aydınlaşdırılmasına həsr edilib. Xlorofil flüoressensiyasının sönmə prosesi zamanı tilakoid membran zülallarının fosforlaşmasının öyrənilməsi onun əsasında duran molekulyar mexanizmləri daha yaxşı aydınlaşdırmağa, fosforlaşmış zülalların analizi isə xlorofil flüoressensiyasının sönmə prosesi üçün yeni marker namizədlərin və hərəkətlərin mənşəyini aşkarlamağa kömək edəcək. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, işığın intensivliyinin dəyişməsi zamanı bitkilərdə tilakoid membranların yenidən təşkili PsbS zülalının olduğu və olmadığı şəraitlərdə fotosistem (FS) 2-nin işıqtoplayan və nüvə zülallarının fosforlaşması ilə qarşılıqlı təsirindən asılıdır. Düyü bitkisində PsbS zülalı olmadığı şəraitdə daha çox oksigenin fəal formalarının sintezinin FS 2-nin nüvə və işıqtoplayan zülallarının daha yüksək səviyyədə fosforlaşmasına səbəb olduğu nəticəsinə gəlinib.