ELM VƏ TƏHSİL


Molekulyar antropologiya istiqamətində alman alimlərlə birgə tədqiqatlar aparılması imkanları müzakirə edilib

Bakı, 30 mart, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) əməkdaşları ilə Almaniyanın Maks Plank Təkamül Antropologiyası İnstitutunun əməkdaşları arasında onlayn görüş keçirilib.

MBBİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan tərəfindən institutun icraçı direktoru Ələmdar Məmmədov, Proteomiks beynəlxalq laboratoriyasının müdiri İsmayıl Zülfüqarov, Populyasiya genomiksi laboratoriyasının müdiri Nurməmməd Mustafayev, həmin laboratoriyanın kiçik elmi işçisi doktorant Zərintac Rüstəmova, Hesablama struktur biologiyası laboratoriyasının doktorantı, mühəndis-proqramlaşdırıcı Lalə İbadullayeva, Almaniya tərəfindən Maks Plank Təkamül Antropologiyası İnstitutunun Arxeogenetika şöbəsinin müdiri professor Cohannes Krause, həmin şöbənin “Haplogroup” qrupunun rəhbəri PhD Harald Ringbauer iştirak ediblər.

Tədbirdə hər iki elmi müəssisədə aparılan tədqiqatlar barədə məlumat verilib, Azərbaycanda molekulyar antropologiya istiqamətində tədqiqatların aparılmaması, Cənubi Qafqazda, xüsusilə Azərbaycanda aparılan arxeoloji qazıntılardan əldə edilən antropoloji və digər bioloji materiallar haqqında dünya elmi ictimaiyyətində demək olar ki, məlumatın olmaması vurğulanıb. Tərəflər Azərbaycanda qədim DNT sahəsində birgə tədqiqatlar aparmağa qabil mütəxəssislərin yetişdirilməsi və burada uyğun laboratoriyanın yaradılması barədə imkanlarını qiymətləndiriblər. Bu ilin iyun-iyul aylarında Zərintac Rüstəmova Maks Plank İnstitutunda 3 həftəlik təcrübə keçməyə dəvət olunub.

Sonda institutun baş direktoru akademik İradə Hüseynovanın görüşdə iştirak edən alman alimlərini, o cümlədən Paabo Svanteni Azərbaycana dəvət etdiyi bildirilib. Qarşılıqlı olaraq eyni təklif almaniyalı həmkarlar tərəfindən də səsləndirilib.

Qeyd edək ki, Maks Plank Təkamül Antropologiyası İnstitutuna 2022-ci ildə fiziologiya və tibb sahəsində Nobel mükafatı almış professor Paabo Svante rəhbərlik edir. Görkəmli İsveç alimi bu mükafatı Neandertal və Denisov adamı genomlarının oxunmasına görə alıb. Görüş professor Paabo Svantenin razılığı ilə reallaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.