ELM VƏ TƏHSİL
Molla Pənah Vaqifin əsərləri ədəbiyyatımızın ölməz söz inciləridir
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Molla Pənah Vaqif yaradıcılığının elmi-nəzəri dərki” mövzusunda seminar keçirilib.
Tədbir AzMİU-nun Azərbaycan dili və pedaqogika kafedrası və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsi tərəfindən birgə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə AzMİU-nun elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamının əhəmiyyətindən danışıb.
Görkəmli şair M.P.Vaqifin ədəbiyyatımızdakı mövqeyindən bəhs edən prorektor onun əsərlərinin əhəmiyyətini vurğulayıb.
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov görkəmli söz ustadı, ictimai xadim M.P.Vaqifin həyat və yaradıcılığı, şəxsiyyəti və ictimai fəaliyyəti barədə ətraflı məlumat verib. Vurğulanıb ki, Vaqif Azərbaycanın, ümumiyyətlə, türk dünyasının çox böyük şairidir. O əsərlərini ana dilində yazıb, şeirlərinin dili və üslubu çox aydın, rəvandır.
N.Cəfərov 1982-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində şairin məzarı üzərində əzəmətli məqbərəsinin ucaldıldığını xatırladıb.
AzMİU-nun Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, dosent Salatın Əhmədova “Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi” mövzusunda məruzə edib.
Məruzəçi böyük şairin yaradıcılığının tədqiqindən danışıb. Bildirilib ki, M.P.Vaqifin yaradıcılığı dünyəvi mahiyyət daşıyır, klassik ədəbi ənənələri yaşatmaq və mənəvi dəyərləri qorumaqla yanaşı, həm də novator sənətdir. Məhz buna görə də şairin yaradıcılığı daim tədqiqatçıların diqqətində olacaq.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Tahirə Məmməd və digər çıxış edənlər də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi M.P.Vaqifin ədəbi irsi və ictimai fəaliyyəti ilə bağlı fikirlərini bildiriblər. Vurğulanıb ki, şairin humanizm ideyalarına, təbiət və insan gözəlliyinə həsr olunmuş əsərləri ədəbiyyatımızın ölməz söz inciləridir.