İDMAN
“Monako” klubu Formula 1-də ilk qələbəsi münasibətilə Lekleri təbrik edib
Bakı, 3 sentyabr, AZƏRTAC
“Monako” futbol klubu “Ferrari”nin pilotu, Belçika Qran-Prisinin qalibi adını qazanan Şarl Leklerin ünvanına təbrik ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, əslən moneqask (yerli monakolu) olan Lekler üçün bu qələbə onun pilot karyerasında birincidir.
“Bu, Monako idmanının tarixində yeni nailiyyətdir. Şarl Lekler bolid sükanı arxasında Luis Hemiltonu ötərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı, Belçikada əfsanəvi trasda qələbəni bayram etdi”, - deyə “Monako”nun mətbuat üçün məlumatında bildirilir.
Bu qələbədən sonra Lekler pilotların hesabında 157 xalla beşinci yeri tutur. O, ortağı Sebastian Fetteldən 12 xal geridədir. Pilotların hesabında “Mercedes”in yürüşçüsü Luis Hemilton 268 xalla liderdir. “Ferrari” Konstruktorlar Kubokunda “Mercedes”dən 145 xal geri qalır.