DÜNYA
Monblanda 40 metr yüksəklikdən yıxılan alpinist həlak olub
Bakı, 14 avqust, AZƏRTAC
Alpların ən hündür dağ silsiləsi olan Monblanın Fransa hissəsində 40 metr yüksəklikdən yıxılan italiyalı alpinist həlak olub. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə France Press agentliyi məlumat yayıb.
Agentliyin məlumatında bildirilir ki, bədbəxt hadisə avqustun 13-də axşam saatlarında baş verib. İtaliyalı 3 alpinistdən ibarət olan qrup Piramid dyu Takyul zirvəsindən (dəniz səviyyəsindən 3300 metr yüksəklikdə) aşağı enirmiş. Xilasetmə xidmətinin məlumatına görə, bu zaman alpinistlərdən ikisi naməlum səbəblərdən təhlükəsizlik ipini sığorta zəncirindən açıb və bu, bir neçə dəqiqədən sonra onların uçuruma düşməsi ilə nəticələnib. Alpinistlərdən biri yerindəcə keçinib, digəri isə ağır travmalarla Sallanş kommunasının (Yuxarı Savoyya) xəstəxanasına çatdırılıb.
Qeyd olunur ki, əlverişsiz hava şəraiti ucbatından xilasetmə işləri bir neçə saat davam edib. Şamoni qəsəbəsinin dağ jandarmeriyası hadisənin səbəblərini araşdırır.