İDMAN
Monika Karş: Qəbələ şəhərini, yerli insanların qonaqpərvərliyini və buradakı uğurumu heç vaxt unutmayacağam
Füsunkar təbiətin, uca dağların və yaşıl meşələrin əhatəsində, təmiz havada belə bir möhtəşəm yarışda iştirak etmək mənim üçün çox xoş oldu. Bu, Qəbələyə ilk gəlişim idi və altı gün ərzində rayonla yaxından tanış oldum. Mən yarışda dünya kubokunu qazandım və bu gün qələbə sevinci ilə Almaniyaya yola düşəcəyəm. Qəbələ şəhərini, yerli insanların qonaqpərvərliyini və buradakı uğurumu heç vaxt unutmayacağam.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə dünya kuboku uğrunda yarışların final mərhələsində tapançadan 25 metr məsafəyə atəş açmaqda birinci yeri tutan Almaniya idmançısı Monika Karş deyib. “Burada insanlar çox səmimi və qonaqpərvərdir. Qəbələdə çoxlu idmançılarla tanış oldum, yeni dostlar qazandım. Yarışın təşkilatçılığı çox yüksək səviyyədə idi. Belə gözəl yerdə, paytaxtdan uzaq bir bölgədə yüksək səviyyəli idman tədbirinin keçirilməsi, idmançılar və qonaqlar üçün hər cür şəraitin yaradılması məni heyran edib. Bunu öz ölkəmdə mütləq qeyd edəcəyəm. Buraya dünyanın ən reytinqli idmançıları toplaşıb. Bu baxımdan yarışı yüksək qiymətləndirirəm və burada olmaqdan çox məmnunam. Çoxdandır ki, Azərbaycana gəlmək arzusunda idim. Ümumiyyətlə, Şərq mədəniyyəti ilə bağlı olan hər şey məndə maraq doğurur. Azərbaycanda da çoxlu idmançı dostlarım var. Mənim bu idman tədbirində iştirakım eyni zamanda ölkənizi yaxından tanımağım üçün yaxşı imkan oldu” – deyə Monika Karş vurğulayıb.