ELM VƏ TƏHSİL


Monitorinq Mərkəzində “Dublyajlar və Azərbaycan dili” mövzusunda müzakirə aparılıb YENİLƏNİB

Bakı, 12 may, AZƏRTAC

Mayın 12-də Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Dublyajlar və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, dublyaj filmlərində aparılan monitorinqin nəticələrinin təqdim edilməsi və mövcud sahədə boşluqların müzakirəsi məqsədilə təşkil olunan tədbirdə televiziya kanallarının dublyaja məsul nümayəndələri və bu sahədə fəaliyyət göstərən şəxslər iştirak ediblər.

Tədbiri Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva açaraq kütləvi informasiya vasitələrində ardıcıl aparılan monitorinqlər nəticəsində aşkar edilən nitq faktlarının ictimaiyyətə açıqlandığını bildirib. O, dövlət dilinin düzgün tətbiqi məqsədilə telekanallarda nümayiş olunan dublyaj filmlərinin də monitorinqlərin predmeti olduğunu diqqətə çatdırıb, mövcud sahədə nöqsanlar olduğunu deyib. Qeyd edib ki, filmlər aid olduğu xalqın dil, bədii təfəkkür və yaradıcılığını əks etdirdiyindən dillər və mədəniyyətlər arasında fərqlər nəzərə alınmadıqda mətnin hərfi tərcüməsi özünü doğrultmur. Məhz bu səbəbdən tərcümə ilə məşğul olan şəxsin hər iki dili, özü də dilin xüsusi qatını təşkil edən frazeoloji birləşmələri mükəmməl bilməsi, dillərin qrammatik quruluşuna dərindən bələd olması çox vacibdir. Mövcud sahədəki problemlərə də toxunan Sevinc Əliyeva mənbə dildəki mənanın təhrif edilməsi, səsləndirmə zamanı orfoepiya qaydalarına riayət olunmaması, bəzən məişət üslubuna yaxın ifadələrin işlədilməsi hallarını təəssüflə qeyd edib.

Sevinc Əliyeva bildirib ki, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Prezident İlham Əliyevin 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanından irəli gələn məsələlərin həlli üçün yaradılıb. Bu məsələlər ilk növbədə kütləvi informasiya vasitələrində, reklam daşıyıcılarında və internet məkanında Azərbaycan dilinin saflığının qorunması, onun düzgün tətbiqi istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirir. Monitorinq Mərkəzi şifahi və yazılı kütləvi informasiya vasitələrində, eləcə də xarici filmlərin dublyajı zamanı yol verilən yanlışlıqların aradan qaldırılmasına nəzarət edir. Burada məqsəd dilin inkişafının və ədəbi dil normalarının qorunmasını və dövlət dilinin düzgün tətbiqinə nəzarəti təmin etməkdir.

Mərkəzin aparıcı mütəxəssisi Günel Hacıyeva dublyaj filmlərində bir ay müddətində aparılan monitorinqin nəticələrini təqdim edərək orfoepik, leksik və qrammatik norma pozuntularının müəyyən edildiyini, eyni zamanda, yanlış ifadələr və tərcümə zamanı üslub xətalarına geniş rast gəlindiyini bildirib. Serial və filmlərdə aşkar edilən dil faktlarını əyani şəkildə iştirakçılara təqdim edən G.Hacıyeva həmin nöqsanları geniş şərh edərək müvafiq izahını verib.

Mövcud sahədəki qüsurların müzakirəsi ilə davam edən tədbirdə telekanalların nümayəndələri və səsləndirmə prosesində yaxından iştirak edən mütəxəssislər dublyajla bağlı tələblər və tərcümə zamanı diqqət edilməsi vacib olan məqamlara aydınlıq gətiriblər. Ümumi qəbul olunmuş milli-mənəvi dəyərlərin, yaş kateqoriyasının nəzərə alınmasının zəruriliyi diqqətə çatdırılaraq mükəmməl işin ərsəyə gəlməsi üçün redaktor, rejissor və aktyor əməkdaşlığının vacibliyi də vurğulanıb. Dublyajların dil məsələsinə də toxunan qonaqlar frazeoloji birləşmələrin tərcüməsinin sinxron səslənmədə yaratdığı çətinliklərdən bəhs ediblər.

Aparılan müzakirələrin yekunu olaraq dublyajlarda ədəbi dil normalarının tətbiqində boşluqların aradan qaldırılması üçün praktik təkliflər irəli sürülərək Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlı tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.