ELM VƏ TƏHSİL


Monitorinq Mərkəzində Ulu Öndərin anadan olmasının 99-cu ildönümü qeyd edilib

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Monitorinq Mərkəzindən məlumat verilib. Bildirilib ki, tədbirdən əvvəl Monitorinq Mərkəzinin kollektivi Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Tədbiri Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva açaraq Ulu Öndərin müstəsna liderlik və idarəetmə bacarığından, zəngin siyasi irsindən bəhs edərək dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrü dövlətçiliyimiz üçün dönüş nöqtəsi kimi qiymətləndirib. S.Əliyeva Ümummilli Liderin Vətən sevgisindən, ana dilinə qayğısından danışıb, dilin saflığını qorumaq, onunla fəxr etmək, ana dilini xalqın mənəvi varlığı kimi sevməkdə görkəmli dövlət xadimi Heydər Əliyevin hər bir azərbaycanlıya örnək olduğunu bildirib. Qeyd edib ki, məhz Ulu Öndərin böyük qətiyyəti nəticəsində Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olunub, imzaladığı sərəncam və fərmanlar ölkəmizdə dil siyasətinin mükəmməl konsepsiyasını, uzunmüddətli strategiyasını müəyyən edib. Monitorinq Mərkəzi də bu fərman və sərəncamlardan irəli gələn məsələləri, dövlət dili ilə bağlı Ulu Öndərin verdiyi göstərişləri rəhbər tutaraq doğma dilin saflığının qorunmasına öz töhfələrini verəcək.

Dünyanın ən mötəbər kürsülərində Azərbaycan dilində səsləndirilən çıxış və məruzələri qürurverici hal kimi dəyərləndirən Sevinc Əliyeva ana dilinin nüfuzunun yüksəldilməsi və saflığının qorunması istiqamətində Prezident İlham Əliyevin fəaliyyətini xüsusi qeyd edib.

Mərkəzin direktor müavini dosent Gülarə Əmirova ümummilli lider Heydər Əliyevin Azərbaycan elminə, elm adamlarına xüsusi diqqət və qayğısından, elmi fəaliyyət üçün yaratdığı geniş imkanlardan danışıb. O, gənclərin ölkə xaricinə təhsil almaq üçün göndərilməsi, müxtəlif sahələr üzrə fəlsəfə və elmlər doktorlarının hazırlanması, elm adamları üçün xüsusi mükafatların təsis edilməsi, məşhur alimlərin ölkəmizə cəlb edilərək dünyanın intellektual potensialından istifadə olunmasında Ulu Öndərin xidmətlərindən bəhs edib. Dahi liderin doğma dilə təəssübkeşliyindən danışan G.Əmirova bildirib ki, 1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dili kimi Azərbaycan dilinin təsbit olunması, müstəqillik dövründə dövlət dili məsələsinin referenduma ayrıca müzakirə predmeti kimi çıxarılması doğma dilimizə nüfuz qazandırmaqla yanaşı, ona olan sevgisinin bariz nümunəsidir.

Reklam və kütləvi informasiya vasitələrinin monitorinqi şöbəsinin müdiri Vəfa İsmayılova məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri iqtisadi yüksəliş, elm, təhsil və mədəniyyətin tərəqqi dövrü kimi yadda qaldığını söyləyib. Üçrəngli bayrağımızın 70 ildən sonra ilk dəfə dalğalanmasında, ölkədə siyasi sabitliyin təmin edilməsində, atəşkəsə nail olunmasında, “Əsrin müqaviləsi” kimi qlobal layihəyə imza atılmasında Ulu Öndərin müstəsna xidmətləri qeyd olunub.

Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri dosent Şahlar Məmmədov ulu öndər Heydər Əliyevin natiqlik qabiliyyətindən, Azərbaycanın mədəniyyəti, tarixi, dili və ədəbiyyatına dərindən bələd olmasından söz açıb. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində Heydər Əliyevin uzaqgörən siyasətçi kimi müstəsna rolunu vurğulayıb. Ş.Məmmədov Ümummilli Liderin xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədiyyət qazandığını bildirib. Qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev ölkədəki gərgin siyasi vəziyyəti aradan qaldıraraq dövlətimizi parçalanmaqdan xilas etdi. Müasir azərbaycançılıq məfkurəsinin formalaşması Ulu Öndərin adı ilə bağlıdır. O, qazandığımız tarixi Zəfərin təməlində də dahi şəxsiyyət Heydər Əliyevin siyasi uzaqgörənliyinin və dövlət-ordu quruculuğunun dayandığını bildirib.

Tədbirdə müasir dövlətçiliyimizin banisi Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.