Monitorinq Mərkəzində tədbir: Azərbaycan dili beynəlxalq aləmdə
AzerTAg.az
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Azərbaycan dili beynəlxalq aləmdə” layihəsi çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş onlayn beynəlxalq tədbir keçirilib.
Monitorinq Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan dilinin qorunması, dünya miqyasında təbliği istiqamətində cari ildə görülmüş işlərin müzakirəsi ilə bağlı keçirilən tədbirdə Türkiyə, Kanada, Misir, Çin, İngiltərə, Fransa, Niderland və s. ölkələrdə yaşayan və müxtəlif qurumlarda çalışan soydaşlarımız iştirak ediblər.
Mərkəzin direktoru filologiya elmləri doktoru, professor Sevinc Əliyeva soydaşlarımızı vahid məfkurə ətrafında birləşdirən milli-mənəvi dəyərimiz olan ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan dilinin beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsində müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin hər kəsə nümunə olacaq dil sevgisindən danışıb. S.Əliyeva dominant dillərin təsirinə baxmayaraq, xarici ölkələrdə öz dilini, mədəniyyətini yaşadan və layiqincə təmsil edən həmvətənlərimizin fəaliyyətini yüksək dəyərləndirərək bildirib ki, doğma dilimizin təbliği Mərkəz üçün də prioritet məsələdir. Hazırda Mərkəzin əməkdaşları tərəfindən “Azərbaycan dili” dərsliyi və ədəbi dil normalarını əks etdirən audiovəsaitlər hazırlanır. Azərbaycan dilinin düzgün tələffüz qaydalarının təbliğinə xidmət edən nağıllar və hekayələrdən ibarət disklər artıq dinləyicilərə və xaricdə yaşayan soydaşlarımızın ailələrində böyüyən uşaqlara təqdim edilib.
Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri dosent Aqşin Əliyev Azərbaycan dilinin xarici ölkələrdə tədrisi işinin təkmilləşdirilməsi istiqamətində təkliflərlə çıxış edib, əcnəbilər üçün dərsliklərdə pərakəndəliyin aradan qaldırılması məqsədilə müvafiq elmi metodologiyanın zəruriliyini vurğulayıb.
Təmsil etdiyi təhsil ocağında Azərbaycan dilinin ənənəvi, eyni zamanda, onlayn tədris edilməsini dilimizin təbliği çoğrafiyasının genişləndirilməsində əhəmiyyətli addım kimi dəyərləndirən Kanadanın Toronto şəhər Təhsil Mərkəzinin Xarici dillər bölməsinin müəllimi Yeganə Cəfərova yaş və bilik səviyyələri üzrə dərsliklər və resurs çatışmazlığını təəssüflə qeyd edib.
Artıq Londonda da həftəsonu Azərbaycan məktəbinin fəaliyyətə başlamasını diqqətə çatdıran məktəbin həmtəsisçisi Murad Nağıyev, Fransada noyabrda ikinci analoji məktəbin açılmasını sevinc hissi ilə iştirakçıların nəzərinə çatdıran Fransa–Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova bu tədbirlərin soydaşlarımızın ailələrində böyüyən uşaqların doğma dili mənimsəmələri üçün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Digər çıxışlarda Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Azərbaycan Mərkəzi barədə məlumat verilıb, Misirdə Azərbaycan dilinə yalnız gənclər və tələbələrin deyil, orta nəsil nümayəndələrinin də marağından, Niderlandda mütəmadi olaraq Azərbaycan ədiblərinin yaradıcılıq gecələrinin təşkilindən bəhs edilib, Bolqarıstanda Azərbaycan nağıllarının bolqar dilinə tərcüməsinin planlaşdırıldığı qeyd olunub. Müzakirədə Azərbaycan dilinin əcnəbi tələbələrə tədrisində yaranan çətinliklər, qiraət materialının çatışmazlığı ilə bağlı fikirlər səsləndirilib.
Tədbir çərçivəsində Ümummilli Liderin vaxtilə dünya azərbaycanlılarına milli-mənəvi dəyərlərimizin, xüsusən də Azərbaycan dilinin qorunmasının vacibliyi ilə bağlı müraciətlərinin əks olunduğu videoçarxlar nümayiş etdirilib.






Xəbərin mətnində orfoqrafik səhv var