CƏMİYYƏT


Monitorinqin nəticələrinə əsasən ölkəmizdə yüksək patogenli quş qripi xəstəliyinin törədicisi yoxdur

Bakı, 5 fevral, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yanvarın 14-dən 18-dək ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyi ilə əlaqədar aparılan monitorinqlərin nəticələri açıqlanıb.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi və regional bölmələrinin, Qida Təhlükəsizliyi İnstitutu laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olunan quşların cəsədinə rast gəlinməyib.

Abşeron yarımadası, Şabran, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikanın dəniz sahili ərazilərində aparılan monitorinqlər zamanı ümumi baxış keçirilib, epizootoloji məlumatlar toplanılmaqla, seçmə üsulla ovlanaraq götürülən müxtəlif növlərə aid 32 baş çöl quşunun patoloji materialları və həmin rayonlarda yerləşən ailə təsərrüfatlarından alınan 271 baş müxtəlif növ ev quşunun qan nümunələri Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələr nəticəsində yüksək patogenli quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.