CƏMİYYƏT


Monrealda dəniz biomüxtəlifliyinin qorunması yolları müzakirə edilir

Bakı, 12 noyabr, AZƏRTAC

Son 150 ildə bütün canlı mərcanların yarısı itirilib. Okeanların turşulaşması, suyun səviyyəsinin artması və iqlim dəyişmələrinin digər nəticələri dənizin biomüxtəlifliyində böyük itkilərə gətirib çıxarıb. Bioloji müxtəliflik haqqında Konvensiya tərəflərinin noyabrın 11-15-də Monrealda keçirilən Konfransının iştirakçıları bu və digər problemləri müzakirə edirlər. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Konfrans iştirakçıları fauna və floranın müdafiəsinə dair təcrübə mübadiləsi aparırlar.

Sessiya mövzularından biri bəşəriyyətin yetərincə qayğı göstərmədiyi dəniz və sahil biomüxtəlifliyi problemidir. Okeanlarda təqribən 200 min identifikasiya edilmiş növ məskunlaşıb, lakin real rəqəm milyonlarla ölçülə bilər.

Flora və fauna növlərinin çoxu ovçuluq nəticəsində xeyli azalıb. Dünyanın balıqçılıq rayonlarının yarısından çoxu tükənib. Hesablamalara görə, sualtı çəmənliklər, manqra kolluqları və mərcan rifləri kimi ən mühüm dəniz ekosistemlərinin təqribən 35 faizi dağılıb.

Sənaye, balıqçılıq, gəmiçilik, dağ-mədən sənayesi və turizmlə bağlı fəaliyyət sahil ekosistemlərinə böyük ziyan vurur.

Təbiət resurslarının müdafiəsini təmin edən biomüxtəliflik haqqında BMT Konvensiyası 1992-ci ildə Rio-de-Janeyroda Dünya Ətraf Mühit və Davamlı İnkişaf Sammitində işlənib hazırlanıb.

Yer kürəsində həyatın müxtəlifliyi indiki və gələcək nəsillərin rifahı və bütövlükdə iqtisadi inkişaf üçün son dərəcə böyük əhəmiyyət daşıyır.

Bununla belə, son illər biomüxtəlifliyin inanılmaz sürətlə itirilməsi müşahidə olunur ki, bu da biosferin Yer kürəsində həyatı dəstəkləməsinə ciddi ziyan vurur.

Ekspertlərin fikrincə, resursların ifrat istismarı, ətraf mühitin çirklənməsi, iqlimin dəyişmələri və invaziv yabançı növlər dünyada, o cümlədən dəniz və okeanlarda bioloji müxtəlifliyin azalmasına gətirib çıxaran əsas amillərdir.

Monreal görüşünün iştirakçıları 2011-2020-ci illər üçün biomüxtəliflik üzrə strateji planın yerinə yetirilməsində uğurları və bu yoldakı əsas əngəlləri, habelə 2020-ci ildə keçiriləcək okeanlara dair Konfransa hazırlığın gedişini müzakirə edəcəklər.

Xatırladaq ki, BMT iqamətgahında vaxtaşırı Hazırlıq Komitəsinin iclasları keçirilir. Komitəyə milli yurisdiksiyanın təsir dairəsinin hüdudlarını aşan rayonlarda dəniz biomüxtəlifliyinin müdafiəsi haqqında məcburi beynəlxalq hüquqi sənəd işləyib hazırlamaq həvalə edilib. Yer kürəsi səthinin dörddəüç hissəsini Dünya okeanı tutur. Burada indiyə qədər planetimizdə yaşamış ən böyük heyvan – mavi balina və milyardlarla xırda mikroorqanizm yaşayır.

Dövlətlərin ərazi sularının sərhədlərindən kənarda, sahildən 12 mil uzaqlıqda, habelə sahilin 200 mil hüdudunda sırf iqtisadi zonalarda yerləşən dəniz ekosistemlərinin böyük hissəsi beynəlxalq səviyyədə mühafizə olunmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.