DÜNYA
Monteneqro NATO-nun üzvü olub
Podqoritsa, 7 iyun, AZƏRTAC
Monteneqro bu həftə rəsmi surətdə NATO-nun 29-cu üzvü olub. Deputatlar Şimali Atlantika Alyansına daxil olmaq haqqında qərarı asanlıqla qəbul etməyiblər: səsvermədən əvvəl bu addımın tərəfdarları və əleyhdarları arasında uzun siyasi mübarizə gedib. Yekun iclasda deputatlarının yarısından bir qədər çoxu iştirak edib. Bu müddət ərzində müxalifət parlamentin binası qarşısında etiraz aksiyası keçirib. İkitirəlik təkcə parlamentdə yaranmayıb. Sosial sorğuların məlumatına görə, respublika sakinləri arasında da NATO-ya daxil olmanın əleyhdarları tərəfdarlarından bir qədər çoxdur. Buna baxmayaraq, Monteneqro hökumətinin başçısı Duşko Markoviç “tarixi qərarın” qəbul olunduğunu elan edib. O, səsvermə günü deyib: “Aİ kimi NATO-da sülh və sabitliyin qarantına, habelə iqtisadi və ictimai tərəqqinin əsasına çevrilib”.
Monitorinq və Tədqiqatlar Mərkəzinin başçısı Zlatko Vuyoviç hesab edir ki, Monteneqro Şimali Atlantika Alyansına daxil olandan sonra kənardan təzyiqlərə səmərəli müqavimət göstərə biləcək. Onun sözlərinə görə, Serbiya siyasi partiyalar, KİV-lər və qeyri-hökumət təşkilatları vasitəsilə qonşu ölkənin siyasətinə uzun müddət təsir göstərməyə çalışıb.
Z.Vuyoviç hesab edir ki, Monteneqro NATO-nun tamhüquqlu üzvü olandan sonra “Serbiyanın təsiri kəskin azalacaq və azalmaqda davam edəcək”. O qeyd edib ki, sakinlərin yarısının ölkənin NATO-ya daxil olmasının əleyhinə çıxmasına baxmayaraq, “Monteneqro kiminlə - Şərqlə, yoxsa Qərblə olacağını özü üçün müəyyən edib”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa