MƏDƏNİYYƏT


Monteneqro parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Xalça Muzeyində olub

Bakı, 22 may, AZƏRTAC

Mayın 22-də ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri Daniela Djuroviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyində olub.

AZƏRTAC xəbər verir ki, qonaqları muzeyin direktoru Şirin Məlikova qarşılayaraq, onları daimi ekspozisiya, o cümlədən Zərgərlik fondu ilə tanış edib. O, burada nümayiş olunan Azərbaycan xalçaları, xalça məmulatları, bədii metal, geyim və zərgərlik nümunələri barədə ətraflı məlumat verib.

Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, “qızıl fondu”nu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Məlumat verilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.

Maddi-mədəni irsimizlə yanaşı, Muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqlarda xoş təəssürat yaradıb.

Muzey direktoru milli-mədəni irsimizin qorunması və inkişafı istiqamətində görülən işlərdən danışıb, həmçinin qonaqlara muzeyin nəşrlərini hədiyyə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.