SİYASƏT
Monteneqro parlamentinin deputatı: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır
Podqoritsa, 17 iyul, AZƏRTAC
Monteneqro parlamentinin deputatı və AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Predraq Sekuliç Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Azərbaycan Silah Qüvvələrinin mövqelərini atəşə tutmaları haqqında bəyanat verib.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində açılan artilleriya atəşindən dərin narahatlığımı ifadə edirəm. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmalıdır. Bu səbəbdən də hesab edirəm ki, münaqişə sülh yolu ilə, beynəlxalq hüququn qəbul olunmuş prinsip və normaları, habelə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllini tapmalıdır. Təəssüf ki, dünyanın, bəşəriyyətə təsirini gələcəkdə də göstərəcək olan müasir dövrün ən böyük problem ilə üzləşdiyi bir vaxtda da beynəlxalq hüquq tərəfindən tanınan ərazilərdə hələ də qarşıdurmalar baş verir”.
P.Sekuliç 2010-2012-ci illərdə Monteneqronun turizm və davamlı inkişaf naziri olub. O, hakim Sosialistlərin Demokrat Partiyasının (DPS) üzvüdür. P.Sekuliç həmişə AŞPA-da Azərbaycan mənafelərini qoruyan fəaliyyət aparır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa