QAN YADDAŞI


Monteneqroda Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib

Podqoritsa, 26 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyi və Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Monteneqronun Tuzi bələdiyyəsində anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Diplomatik nümayəndəliyin müşaviri Anar Əcəmov Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlər və Xocalı soyqırımı barədə mərasim iştirakçılarına məlumat verib.

O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri qətliam nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadının öldürüldüyünü, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini itirdiyini, 487 nəfərin şikəst olduğunu, 1275 insanın əsir götürüldüyünü, 150 nəfərin taleyindən indiyədək heç bir xəbərin olmadığını bildirib.

A.Əcəmov Xocalı faciəsinə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra verildiyini vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası haqqında da ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Tuzi bələdiyyəsinin sədr müavini Haris Ramoviç Azərbaycan xalqına qarşı Xocalı qətliamının törədilməsindən təəssüfləndiyini, xalqımızın acısına şərik çıxdığını bildirib və bu cür soyqırım hadisələrinin təkrarlanmamasını arzu edib.

Mərasim iştirakçıları üçün soyqırım qurbanlarının və şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.

Sonda iştirakçılar soyqırım dəhşətlərini əks etdirən fotostendlə tanış olublar.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.