MƏDƏNİYYƏT
Monteneqroda keçirilən “diplomatik xeyriyyə bazarı”nda Azərbaycanın yeni turizm brendi təqdim olunub
Podqoritsa, 3 dekabr, AZƏRTAC
Dekabrın 1-də Monteneqrodakı diplomatik korpusun iştirakı ilə ənənəvi “diplomatik xeyriyyə bazarı” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, xeyriyyə yarmarkasının keçirilməsində məqsəd monteneqroluları xarici dövlətlərin tarixi, mədəniyyəti və mətbəxi ilə yaxından tanış etməkdir. İştirakçılar tərəfindən satışa çıxarılan milli suvenirlərdən, milli mətbəx nümunələrindən əldə olunan vəsait Monteneqronun autizm mərkəzinə, uşaq evləri və xəstəxanalarına köçürülüb.
Tədbirdə ölkəmizin Monteneqrodakı diplomatik nümayəndəliyi Azərbaycan-Monteneqro mədəni və iqtisadi əlaqələr mərkəzi ilə birgə iştirak edib.
Azərbaycan üçün ayrılmış stenddə Hüseynbala Mirələmovun və Viktor Andriyanovun müəllifləri olduğu “Görkəmli insanların həyatı” silsiləsindən “Heydər Əliyev” kitabı, Azərbaycan uşaq şeirlərindən nümunələrin Monteneqro dilinə tərcümə edilmiş “İzvor Radosti” (“Sevinc Qaynağı”) kitabı, milli mətbəximizin və incəsənətimizin nümunələri, İrəvan və Qarabağ xalçalarına aid kitablar nümayiş etdirilib. Milli suvenirlərimiz, mətbəximizin dadlı təamları, xüsusən paxlava və dolma iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir çərçivəsində, həmçinin Azərbaycan Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən Milli Turizm Sammitində təqdimatı keçirilən Azərbaycanın yeni turizm brendi olan “Yenidən fərqli baxışla bax” (“Take another look”) şüarı da təqdim edilib.
Tədbirdə Azərbaycan stendinə yaxınlaşan Monteneqro rəsmilərinə burada nümayiş olunan məhsullar haqqında məlumat verilib.
Xeyriyyə bazarında Azərbaycanın təqdimatı Monteneqro KİV-lərində geniş işıqlandırılıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Monteneqro