Monteneqroda səkkiz ölkənin birgə əməkdaşlığı ilə narkotik əməliyyatı keçirilib
AzerTAg.az
Podqoritsa, 28 iyul, AZƏRTAC
Monteneqroda səkkiz ölkənin birgə əməkdaşlığı ilə keçirilən xüsusi əməliyyatda transmilli səviyyədə 6,1 ton narkotik vasitə - kokainin dövriyyəsi ilə məşğul olan 28 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının polis xidməti “Europol”un dəstəyi ilə Serbiya, İtaliya, Xorvatiya, Sloveniya, Niderland, İspaniya və Portuqaliyada polis əməkdaşları “Florida 1” adlandırılan əməliyyat zamanı 52 müxtəlif ünvana baxış keçirib.
Monteneqro Prokurorluğunun göstərişi ilə baş tutan əməliyyat çərçivəsində külli miqdarda nağd pul, bank kartları, qiymətli saatlar, silahlar və nəqliyyat vasitələri ələ keçirilib, saxlanılan qruplaşma üzvlərindən isə 8 nəfəri həbs edilib.
Əksəriyyəti Balkan əsilli olan dəstə üzvləri narkotik vasitələrin istehsalı və satışı ilə bağlı mütəşəkkil cinayətkar qruplaşma yaratmaqla ittiham olunurlar.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa

Xəbərin mətnində orfoqrafik səhv var