Moravietski: Polşanın hava hücumundan müdafiə sistemindəki “nöqsanlar” aradan qaldırılmalıdır
AzerTAg.az

Vyana, 20 may, AZƏRTAC
Ötən ilin noyabr ayında Polşa-Ukrayna sərhədi yaxınlığındakı partlayışdan və aprel ayında Bıqdoş şəhəri yaxınlığında meşə massivində ballistik raketin aşkarlanmasından sonra Polşanın hava hücumundan müdafiə prosedurlarında "nöqsanların" düzəldilməsi tələb olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli radioların birinə Prezident Administrasiyasının rəsmisi Marsin Przıdaç açıqlama verib. O bildirib ki, ölkə arzuolunmaz vəziyyətlə üz-üzədir. Marsin Przıdaç baş vermiş hadisələrlə bağlı cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi ilə yanaşı, ölkənin hava hücumundan müdafiə sistemində bəzi prosedurların işləmədiyini də diqqətə çəkib və məsələyə NATO səviyyəsində aydınlıq gətirilməli olduğunu, eləcə də boşluqların təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
Baş nazir Mariuş Moravietski administrasiya rəsmisinin sözlərini şərh edərkən bildirib ki, əgər müəyyən prosedur qüsurları qeyd edilibsə, yalnız bunu demək olar: “Bəli, onlar düzəldilməlidir". Baş nazir qeyd edib ki, o, müdafiə naziri Mariuş Blaşaka, eləcə də hərbçilərə bu məsələdə tam etibar edir.
Polşa Müdafiə Nazirliyinin məlumatına görə, ballistik raket 2022-ci il dekabrın 16-da Polşa ərazisinə düşüb, lakin ətraflı araşdırmalara onun tapılmasından sonra başlanılıb. Ehtimal olunur ki, həmin vaxt Rusiyaya məxsus döyüş başlığı olmayan raket Polşa hava məkanına daxil olub.
Vyana
Xəbərin mətnində orfoqrafik səhv var