İQTİSADİYYAT
Moskva Azərbaycanın Avrasiya İqtisadi Birliyinə marağını yüksək qiymətləndirir

Moskva, 7 iyun, AZƏRTAC
Moskva Azərbaycanın Avrasiya İqtisadi Birliyinin fəaliyyətinə marağını yüksək qiymətləndirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Moskvada keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Rusiya XİN-in rəsmi nümayəndəsi deyib: “Biz Azərbaycanın Avrasiya İqtisadi Birliyinə marağını alqışlayır və yüksək qiymətləndiririk. Azərbaycan Prezidenti İlham Əliyev cari ilin mayın 25-də ilk dəfə qonaq qismində Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etdi. Azərbaycanın Baş naziri Soçidə Avrasiya Hökumətlərarası Şurasının iclasına gəldi. Bu təmaslar olduqca faydalıdır. Hesab edirik ki, Bakının Avrasiya İqtisadi Birliyi ilə qarşılıqlı fəaliyyətinin səviyyəsinin yüksəldilməsi bu əməkdaşlığın bütün tərəflərinə nəzərəçarpacaq iqtisadi mənfəət gətirə bilər və əlbəttə, ilk növbədə, qarşılıqlı faydalı və qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası əlaqələrin və inteqrasiya proseslərinin möhkəmlənməsinə müsbət təsir edəcək”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva