SİYASƏT


“Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru”  mövzusunda konfrans keçirilib

Moskva, 14 sentyabr, AZƏRTAC

Rusiya paytaxtında “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı Geosiyasi Ekspertizalar Mərkəzi və İzbor Klubu təşkil edib. Tədbir iştirakçıları Rusiya ilə Azərbaycan arasında münasibətləri, əməkdaşlıq perspektivlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını, Qafqazda təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə edirlər.

Konfransı tanınmış rusiyalı ictimai-siyasi xadim, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Aleksandr Dugin açaraq bildirib ki, Azərbaycanla əməkdaşlıq bu gün Rusiya üçün olduqca vacibdir. Azərbaycan çox inkişaf etmiş, özünü təmin edən ölkədir. Prezident İlham Əliyevin siyasəti öz bəhrəsini verməkdədir. Rusiya ilə Azərbaycan arasında münasibətləri strateji əməkdaşlıq kimi qiymətləndirmək olar və bu məsələdə iki ölkə prezidentlərinin şəxsi münasibətlərinin xüsusi rolu var”.

Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışan A.Dugin vurğulayıb ki, Azərbaycan hazırda hərbi potensialını gücləndirir və bu, regionda qüvvələr balansının dəyişməsi deməkdir. Münaqişənin sülh yolu ilə həllinin vacibliyini qeyd edən rusiyalı siyasi xadim Ermənistan tərəfinin ilk növbədə işğal olunmuş beş rayonu Azərbaycana qaytarmasının zəruriliyini vurğulayıb: “Ermənistan tərəfi anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli onun özünün də xeyrinədir. Nizamasalma prosesini ilk növbədə 5 rayonun qaytarılmasından başlamaq və sonra irəli getmək lazımdır”.

Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər xalqların çoxəsrlik mehriban qonşuluq əlaqələrinə, eləcə də prezidentlərimiz arasında səmimi dostluq münasibətlərinə söykənir. Bu əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayan politoloq deyib: “İqtisadi münasibətləri, vətəndaş cəmiyyətləri arasında əlaqələri daha da gücləndirməliyik. Hazırda hərbi və energetika sahəsində əməkdaşlıq inkişaf edir. Rusiya Avropa ölkələrinə qarşı sanksiyalar tətbiq etdikdən sonra yerli bazarlar Azərbaycan məhsulları üçün açılıb. Turizmin bu əlaqələrdə xüsusi payı var. Azərbaycanda çox gözəl turizm obyektləri yaradılıb. Məsələn, hətta “Azərbaycan səhər yeməyi” brendi məşhurdur və çoxları ölkənizə gedib səhər yeməyindən dadmaq istəyir”. Rusiyalı politoloq Azərbaycanın turizm obyektlərində rus dilində lövhələrin də tətbiq edilməsi təklifini irəli sürüb. Bundan əlavə, Dağlıq Qarabağ problemi, sivilizasiyalar arasında əlaqələr və digər məsələlərin həlli üçün birgə ekspertlər qrupunun yaradılmasının vacibliyini diqqətə çatdırıb: “Məsələn, mən özüm Azərbaycan Fəlsəfə İnstitutu və digər qurumlar ilə birgə ekspertlər qrupunun yaradılması üzərində işləyirəm. Bundan əlavə, Bakı Humanitar Forumu da olduqca əhəmiyyətli platformadır. Düşünürəm ki, bu forumun dünyada təbliğinə daha çox diqqət yetirilməlidir”.

Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O deyib ki, Heydər Əliyevin qəhrəmanlığı, mərdliyi və uzaqgörənliyi Azərbaycanın alovun içindən çıxmasında müstəsna rol oynayıb. O, respublikaya rəhbərliyi dövründə olduqca vacib qərarlar qəbul edib və Azərbaycanda qan tökülməsinin qarşısını alıb. Gennadi Züqanov Azərbaycanda rus dilinə qayğıdan da söhbət açaraq, Birinci vitse-prezident Mehriban Əliyevanın rus dilinin qorunub saxlanmasında rolunu xüsusi vurğulayıb: “Mehriban Əliyevanın sayəsində Azərbaycanda rus dili millətlər arasında ünsiyyət dilinə çevrilib”.

SSRİ Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Rusiya mədəniyyətinin və rus ziyalılarının Azərbaycana təsirindən danışıb. Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin vacibliyini vurğulayan F.Bədəlbəyli deyib ki, ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində səyləri qənaətbəxş deyib: “Ümid edirik ki, Rusiya ilə indiki xoş münasibətlərimiz bu münaqişənin həllinə təkan verəcək”. O, həmçinin Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişaf etdirildiyini diqqətə çatdırıb: “Çox istərdim ki, Rusiya teatrları Azərbaycana tez-tez qastrol səfərləri həyata keçirsin. Bundan əlavə, Azərbaycan mədəniyyətinin də Rusiyada geniş təmsil edilməsi vacibdir. Gələn il dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi qeyd olunacaq. Yaxşı olardı ki, Böyük Teatrda bu münasibətlə tamaşa qoyulsun, Rusiya tamaşaçıları Azərbaycan musiqisi, mədəniyyəti barədə daha çox məlumatlı olsunlar”.

“Literaturnaya qazeta” nəşrinin baş redaktoru Yuri Polyakov Azərbaycan yazıçılarının əsərlərinin rus dilinə tərcümə edilməsi, Rusiya teatrlarında səhnəyə qoyulmasının vacibliyindən danışıb. O, həmçinin iki ölkənin mədəniyyət xadimlərinin indiki formatda görüşüb qarşılıqlı əlaqələrin inkişafı məsələlərini müzakirə etməsi təklifini irəli sürüb.

Dağlıq Qarabağ münaqişəsi Rusiya-İran-Türkiyə üçbucağının vasitəçiliyi ilə nizama salına bilər. Bu fikri “Rusiya-İslam dünyası” Strateji Tədqiqatlar Mərkəzinin prezidenti Şamil Sultanov söyləyib. Onun sözlərinə görə, son illər bu ölkələrin regionda nüfuzu çox böyükdür. Ş.Sultanov Bakını Dağlıq Qarabağ probleminin həllində bu üçbucağın yaradılmasının təşəbbüskarı olmağa çağırıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.