SİYASƏT
“Moskva-Baku” portalı Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə film hazırlayıb VİDEO
Bakı, 12 may, AZƏRTAC
“Moskva-Baku” portalı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə “Şəxsiyyətin cazibəsi” adlı film hazırlayıb.
AZƏRTAC “moskow-baku.ru”ya istinadla xəbər verir ki, filmdə Heydər Əliyevin mənalı ömür yolundan və çoxşaxəli fəaliyyətindən, böyük idarəçilik istedadından, onu millətin lideri səviyyəsinə ucaldan qeyri-adi işgüzar və insani keyfiyyətlərindən söz açılır.
Filmdə deyilir: “O doğulanda adını Heydər qoydular. Bu ad rus dilində Öndər, Uzaqgörən və Başçı deməkdir. Amma Heydər Əlirza oğlu Əliyevin karyerasında başlıca məsələ onun vəzifə və adlarının uzun siyahısı deyildir. Heydər Əliyevlə görüşən hər bir insan onun inanılmaz xarizmasından, insani keyfiyyətlərindən və qeyri-adi güclü şəxsi cazibəsindən danışırlar”.
Filmin müəllifləri Heydər Əliyevin insani və siyasi fenomeninin, onun dühasının sirrinin və əzəmətinin nədən ibarət olması barədə suallara cavab tapmağa çalışıblar. Onlara Heydər Əliyevi uzun illər yaxşı tanıyan və ya sadəcə onunla görüşən insanların xatirələri kömək edib.
Filmə müxtəlif illərdə Ümummilli Liderlə müsahibələrdən parçalar, onun böyük fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən kadrlar daxil edilib. Tanınmış siyasətçilər, ictimai xadimlər, ədəbiyyat və incəsənət xadimləri, sıravi insanlar Ulu Öndər barədə xatirələrini bölüşüblər.