ELM VƏ TƏHSİL


Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edir

Bakı, 16 may, AZƏRTAC

2018/2019-cu tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə (MDBƏU) Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edilir.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, MDBƏU-da Azərbaycan vətəndaşlarının təhsil alması üçün üç yer ayrılıb.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər mayın 17-dən 23-dək (şənbə və bazar günləri istisna olmaqla) DİM-də təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M).

Müsabiqədə iştirak etmək hüququna 2018-ci il mayın 15-dək 19 yaşı tamam olmayan, II və ya III ixtisas qrupu üzrə mayın 13-də keçirilən qəbul imtahanında iştirak edən (qəbul imtahanını rus dilində verən), attestat qiymətləri (cari ilin məzunlarının birinci yarımil üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.

Ali təhsil müəssisəsi tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak edə bilməzlər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər SQK-ya aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

1. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədin əslini və surətini (2018-ci ilin məzunları birinci yarımil üzrə qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);

2. Şəxsiyyət vəsiqəsi;

3. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi.

Müsabiqəyə DİM tərəfindən mayın 13-də keçirilmiş II və ya III ixtisas qrupları üzrə test imtahanında iştirak edən abituriyentlər qatıla bilərlər. Beynəlxalq iqtisadi əlaqələr və beynəlxalq münasibətlər ixtisasına qəbul olunmaq istəyənlər II ixtisas qrupu üzrə, beynəlxalq hüquq ixtisasına qəbul olunmaq istəyənlər isə III ixtisas qrupu üzrə imtahan vermiş olmalıdırlar.

Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplamış, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılırlar.

Müsahibənin keçirilməsi vaxtı ilə bağlı əlavə məlumat veriləcək. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanılacaq.

Müsabiqədə ən yüksək nəticə göstərən üç nəfərin namizədliyi MDBƏU-ya ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.

İkinci mərhələ MDBƏU tərəfindən Moskva şəhərində iyulun 6–da və 10-da keçiriləcək. Bu mərhələdə abituriyentlər seçdikləri fakültədən asılı olmayaraq rus və əlavə bir xarici dil üzrə müsabiqədənkənar test imtahanında iştirak etməlidirlər. Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olunmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.

İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytında əldə etmək olar.

Qəbul olunanlardan aşağıdakı sənədlər tələb ediləcək:

1. Orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğu tərəfindən təsdiq edilmiş tərcüməsi;

2. Milli pasportun surəti;

3. 3x4 sm ölçüdə ağ-qara, parıltısız 12 ədəd fotoşəkil;

4. Xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış;

5. Döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi;

6. Tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat;

7. Sifilis müayinəsinin nəticəsi;

8. VİÇ infeksiyasının olmaması barədə beynəlxalq sertifikat.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.