ELM VƏ TƏHSİL
Moskva Dövlət Linqvistika Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində ilk açıq dərs keçirilmişdir
Moskva, 22 fevral (AZƏRTAC). Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində universitetin jurnalistika fakültəsinin birinci kurs tələbələri üçün Azərbaycan dilinin tədrisinə başlanılmışdır.
Mərkəzin direktoru, Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Bella Musayeva ilk dərs günündə tələbələrə Azərbaycan tarixi, mədəniyyəti, adət-ənənələri barədə ətraflı məlumat vermişdir. İlk açıq Azərbaycan dili dərsinə Moskvada nəşr edilən “Vlast” jurnalının redaktoru Azər Mürsəliyev, Azərbaycan və rus dillərində çıxan “Prizma sçastya” jurnalının baş redaktoru Rəşid Mədətzadə, MDLU-nun əməkdaşları dəvət olunmuşdular. Qonaqlar ilk dərs günü münasibəti ilə tələbələri təbrik edərək onlara uğurlar arzulamışlar. Qeyd olunmuşdur ki, müxtəlif millətlərin nümayəndələrinin bu mərkəzdə Azərbaycan dilini öyrənməsi xalqlar arasında dostluğun inkişafına xidmət edir. Dərsin sonunda Azərbaycan-ingilis dilləri qrupunun hazırladığı “Biz səni sevirik, Azərbaycan!” filmi nümayiş etdirilmişdir.
Tədris dövründə mərkəzdə tələbələr Azərbaycan dilini öyrənəcək, Azərbaycan və rus dillərində tərcümə sənətinin incəliklərinə yiyələnəcəklər.
Moskva Dövlət Linqvistika Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi Bakı Slavyan Universitetinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə açılmışdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva