SİYASƏT
Moskva görüşü: Ermənistan üzərində daha bir tarixi nailiyyət

Bakı, 28 may, AZƏRTAC
Moskvada Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə masanın bir tərəfində qalib ölkənin lideri, qətiyyətli və güclü siyasətçi, öz ölkəsini dünyada söz sahibinə, güc mərkəzinə çevirən Azərbaycan Prezidenti İlham Əliyev, digər tərəfində məğlub bir ölkənin hökumət başçısı, bütün beynəlxalq tədbirlərdə olduğu kimi Moskvada da özünü gülünc hədəfinə çevirən Ermənistanın baş naziri Nikol Paşinyan əyləşmişdi.
Ali Avrasiya İqtisadi Şurasının iclasında Paşinyan protokoldan tam kənar, etiket qaydalarına belə riayət etməyərək Azərbaycana qarşı növbəti dəfə yalan və əsassız fikirlər söylədi. Prezident İlham Əliyev Azərbaycanın həyata keçirdiyi bütün tədbirlərin, o cümlədən Xankəndi-Laçın yolundakı nəzarət buraxılış məntəqəsinin yaradılmasının beynəlxalq hüququn prinsiplərinə uyğun həyata keçirildiyini faktlarla Paşinyanın diqqətinə çatdırmaqla ona hüquqi dərs keçdi. Bir sözlə, Moskva görüşündə də Prezident İlham Əliyev diplomatiyası və siyasəti Ermənistan üzərində daha bir tarixi qələbə qazandı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva söyləyib.
O bildirib ki, Azərbaycan Prezidenti bütün çıxışlarında Ermənistanla sülh sazişinin bağlanmasının tərəfdarı olduğunu və hər iki dövlətin qarşılıqlı şəkildə bir birinin ərazi bütövlüyünün tanınmasının vacibliyini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycan və Ermənistan arasında bütün kommunikasiya xətlərinin, o cümlədən, Zəngəzur dəhlizinin açılmasının 2020-ci il 10 noyabr tarixli Bəyanatının bəndlərinə uyğun olduğunu Ermənistanın baş nazirinə başa saldı.
Azərbaycanın üzv və tərəfdaş olduğu bütün beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq etdiyini deyən K.Əliyeva ölkəmizin Ermənistan istisna olmaqla Ali Avrasiya İqtisadi Birliyinin bütün üzvləri ilə dostluq münasibətlərində olduğunu qeyd edib. “Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxışı zamanı Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsinin hər il artdığını, Şimal-Cənub və Şərq-Qərb marşrut xətlərinin kəsişməsində yerləşən ölkəmizin nəqliyyat və logistika sahəsində böyük infrastruktur yaratdığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanın iqtisadi gücünün və nüfuzunun gündən-günə artdığını diqqətə çatdırdı. Prezident İlham Əliyev Vladimir Putinlə görüşündə Azərbaycanla Rusiya Federasiyası arasındakı bugünkü əməkdaşlığın təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğuladı. Putin də öz növbəsində Ulu Öndər Heydər Əliyevin xatirəsinin Rusiyada ehtiramla yad olunduğunu qeyd etdi. Bu, iki ölkə liderinin bir-birinə qarşı hörmət və ehtiramını təsdiqləyir”, - deyə Kamilə Əliyeva vurğulayıb.