Moskva vilayətində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bayram tədbiri keçirilib
AzerTAg.az
Moskva, 18 may, AZƏRTAC
Moskva vilayətinin Dolqoprudnı şəhər dairəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Dolqoprudnı şəhər dairəsi administrasiyasının dəstəyi ilə keçirilən tədbirin təşkilatçıları qismində Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti, Dolqoprudnı şəhər dairəsi Azərbaycanlılarının yerli Milli-Mədəni Muxtariyyəti çıxış ediblər.
Tədbirin əvvəlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib. Sonra Azərbaycanın Rusiyadakı səfirliyinin birinci katibi Sevinc İsmayılova səfir Polad Bülbüloğlunun təbrik məktubunu oxuyub.
Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin İdarə Heyətinin sədri Elşən İbrahimov və Dolqoprudnı şəhər dairəsi Azərbaycanlılarının yerli Milli-Mədəni Muxtariyyətinin sədri Namus Nağıyev tədbir iştirakçılarını salamlayıblar.
Texnika elmləri doktoru, professor Kamran Rüstəmov, general-leytenant Vladimir Çikovani, Azərbaycanın Rus icmasının nümayəndəsi, yazıçı Viktor Tatarenko, pedaqogika elmləri doktoru, professor Nizami Əliyev Heydər Əliyevlə birlikdə işlədikləri dövrün xatirələrini böyük səmimiliklə bölüşüblər.
Sonra “Qarabağ” instrumental-xoreoqrafiya ansamblı, “Moskoviya” nümunəvi kollektiv orkestri və müğənni Mansur Salihovun ifalarında musiqi nömrələri təqdim edilib. “Qorod” teatrının artistlərinin ifa etdikləri mahnılar alqışlarla qarşılanıb.
AZƏRTAC-ın xüsusi müxbiri








Xəbərin mətnində orfoqrafik səhv var