İQTİSADİYYAT


Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilib VİDEO

Moskva, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclası keçirilib. İclasda Dövlət Komissiyasının həmsədrləri – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevin və Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, komissiyanın iclasından əvvəl iqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşüb. Görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Sonra Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclası öz işinə başlayıb.

İclasda İqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm gətirir. Azərbaycan Respublikasının Prezidentinin bu ilin sentyabrında Rusiyaya səfəri zamanı 16 sənəd imzalanıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu ilin sentyabrında ölkəmizdə səfərdə olub və bu səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib.

Ticarət və qarşılıqlı investisiya qoyuluşlarının Azərbaycan-Rusiya əlaqələrinin mühüm istiqamətlərindən olduğunu qeyd edən nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycana 4,2 milyard dollardan artıq investisiya qoyub. Azərbaycan Rusiyanın Şimali Qafqaz regionunda əsas investorlarından sayılır. Yessentukidə “İstoçnik” sanatoriya-turizm mərkəzi, Krasnodarda meyvə-tərəvəz konservləri istehsalı zavodu, Jeleznovodskda və Kislovodskda sanatoriya-mehmanxana kompleksinin tikintisi və digər layihələr Rusiyada Azərbaycan şirkətləri tərəfindən reallaşdırılan uğurlu layihələrdəndir. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılması qarşılıqlı investisiya qoyuluşu sahəsində önəmli layihələrdən sayılır.

Azərbaycanda təqribən 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edirlər.

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə edilir. Rusiya idxala görə Azərbaycanın əsas tərəfdaşdır, qeyri-neft məhsullarımızın ixracı üzrə isə birinci yerdədir. Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında fəaliyyətə başlayıb. Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində yaradılan Azərbaycan pavilyonu iqtisadi-ticarət əlaqələrinin inkişafına əhəmiyyətli töhfələrdir. İxracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Rusiyaya ixrac missiyaları təşkil edilir, Azərbaycan şirkətləri Rusiyada keçirilmiş önəmli sərgilərdə vahid ölkə stendi ilə təmsil olunur. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə Azərbaycan istehsalı olan aksizli malların ixracı üçün Azərbaycan-Rusiya sərhədində xüsusi gömrük postunun yaradılması istiqamətində işlər aparılır.

Nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, bu ilin mayında Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi ilə açılmış Azərbaycan İş Mərkəzi iqtisadi əlaqələrin genişlənməsində xüsusi əhəmiyyətə malikdir. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları iş adamları arasında əməkdaşlığın inkişafında önəmli rol oynayır.

2019-cu ildə Azərbaycanın Moskvada 2 şərab evinin açılması nəzərdə tutulur. Növbəti mərhələdə Rusiyanın Yekaterinburq və Sankt-Peterburq şəhərlərində də Azərbaycan Şərab evlərinin açılması nəzərdə tutulur.

Nəqliyyat və tranzit yükdaşımaları sahəsinin ikitərəfli əməkdaşlığın uğurlu istiqamətlərindən olduğunu qeyd edən nazir Şahin Mustafayev “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılan mühüm layihələrdən olduğunu, nəqliyyat dəhlizi vasitəsilə əvvəlki illə müqayisədə 100 dəfə çox yük daşındığını bildirib, Rusiya ilə birgə həyata keçirilən Samur sərhəd çayı üzərindən körpünün tikintisinin davam etdiyini diqqətə çatdırıb.

Nazir Şahin Mustafayev energetika, kənd təsərrüfatı, nəqliyyat, kiçik və orta sahibkarlıq, turizm, təhsil və digər sahələrdə də Azərbaycan-Rusiya əməkdaşlığına dair məlumat verib, Rusiya-Azərbaycan-İran enerji sistemlərinin birləşdirilməsinin əhəmiyyətini qeyd edib.

Bu ilin 9 ayında Azərbaycana gələn Rusiyalı turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artıb.

Təhsil sahəsində qarşılıqlı əməkdaşlıq uğurla inkişaf edir. Belə ki, Azərbaycanda M.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları, təhsilin rus dilində aparıldığı və ya rus bölməsinin olduğu məktəblər və ali təhsil müəssisələri fəaliyyət göstərir. Rusiyanın müxtəlif ali təhsil müəssisələrində 11 mindən çox azərbaycanlı tələbə təhsil alır.

Regionlararası münasibətlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin prioritet sahələrindən olduğunu vurğulayan nazir Şahin Mustafayev Azərbaycanın Rusiya Federasiyasının 80-ə yaxın federal subyekti ilə ticarət və iqtisadi əlaqələrinin olduğunu, Rusiya Federasiyasının təqribən 20 subyekti ilə ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında sazişlər imzalandığını bildirib.

Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Dövlət Komissiyasının həmsədri Maksim Oreşkin Azərbaycan və Rusiyanın strateji tərəfdaşlar olduğunu, Azərbaycan və Rusiya prezidentlərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verdiklərini, yüksək səviyyəli intensiv qarşılıqlı səfərlərin bunun bariz nümunəsi olduğunu vurğulayıb. Rusiyanın iqtisadi inkişaf naziri 2018-ci ilin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından uğurlu olduğunu və Rusiya-Azərbaycan əməkdaşlığının daha da genişlənəcəyinə əminliyini bildirib. Maksim Oreşkin bir sıra sahələrdə, o cümlədən ticarət və investisiya sahəsində iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu qeyd edərək, 2019-cu ildə ölkələrimiz arasında həyata keçirilməsi razılaşdırılmış əməkdaşlıq sahələri üzrə işlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclası çərçivəsində müxtəlif sahələrdə Azərbaycan-Rusiya əməkdaşlığına, ölkələrimiz arasında birgə həyata keçirilən layihələrə, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb, nümayəndə heyətlərində təmsil olunan rəsmi şəxslərin çıxışları dinlənilib.

İclasın sonunda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin imzalayıblar. İclas çərçivəsində müzakirə olunmuş məsələlərin və komissiyanın gələcək fəaliyyət istiqamətlərinin əksini tapdığı sənəddə iqtisadi-ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat, İKT, turizm, humanitar, səhiyyə və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Dövlət Komissiyasının iclası çərçivəsində həmçinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “İşgüzar Rusiya” təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.