SİYASƏT
Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən təntənəli qəbul keçirilib
Moskva, 29 may, AZƏRTAC
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi tərəfindən Moskvada Azərbaycanın milli bayramı – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təntənəli qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, qəbulda Rusiyanın bütün hökumət orqanlarının, ictimai-siyasi və mədəniyyət dairələrinin yüksək vəzifəli nümayəndələri, bir sıra ölkələrin səfirləri, Azərbaycan diasporunun və Rusiya ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu tədbirin rəsmi hissəsini açaraq, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını və Cümhuriyyətin müasir suveren Azərbaycanın əsasını qoyduğunu qeyd edib. Azərbaycanda demokratik ənənələrin yaradılması tarixindən danışan səfir deyib: “1918-ci ildə bu respublikanın yaradılması dünya miqyaslı əhəmiyyətə malik hadisə idi. Belə ki, Cümhuriyyət bütün müsəlman Şərqində demokratik prinsipləri və dəyərləri, azadlıq və demokratiya ideallarını özündə cəmləşdirən ilk parlamentli respublika idi. Bu əlamətdar hadisə azərbaycanlıların milli özünüdərkinin sonrakı inkişafında əvəzsiz rol oynayıb, Azərbaycan xalqının tarixi arzusunu həqiqətə çevirib, Azərbaycan dövlətçiliyinin əsasını qoyub”.
Polad Bülbüloğlu qeyd edib ki, gənc respublika fəaliyyət göstərdiyi qısa müddətdə demokratik dövlət quruculuğu sahəsində ciddi addımlar atıb. Ciddi geosiyasi hadisələr nəticəsində gənc demokratik respublika cəmi 23 ay yaşayıb, lakin xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi nəsillərin yaddaşında qalıb. Sovet dövründə Azərbaycan yüksək inkişaf etmiş sənaye və çoxsahəli kənd təsərrüfatı respublikasına çevrilib. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlməsindən sonra Azərbaycan istehsalatın bir çox sahələrində Sovet İttifaqı üzrə aparıcı mövqe tutmağa başlayıb.
Diplomat xatırladıb ki, SSRİ dağılandan sonra ölkə 1990-cı il Yanvar faciəsi, daxili siyasi böhran və torpaqlarının işğalı ilə qarşılaşıb. Çətin vəziyyətə düşən müdrik Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib, onu respublikaya rəhbərlik etməyə çağırıb. “1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin dirçəlişinin başlanğıc nöqtəsi olub. Heydər Əliyevin vaxtilə qoyduğu möhkəm bünövrə əsasında Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Görkəmli dövlət xadimi İlham Əliyev neçə illərdir, öz qətiyyətli əli ilə Azərbaycanı bugünkü siyasi həyatın təlatümlü okeanında irəli aparır”, - deyə səfir bildirib.
Azərbaycanın mədəniyyətlərarası dialoqda fəal rolundan və son illər dünya miqyasında onlarca tədbirin keçirildiyi beynəlxalq məkana çevrilməsindən danışan Polad Bülbüloğlu deyib: “Bu prosesə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti böyük töhfə verir”.
Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib, sülh və firavanlıq arzulayıb. Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətlərinin bağladığını xatırladan İlyas Umaxanov bu əlaqələrin əsasında bərabər hüquq və mehriban qonşuluq, əsrlərdən bəri davam edən dostluq ənənələri, ortaq tarix və mədəniyyət prinsiplərinin dayandığını söyləyib: “Bu, eyni dərəcədə həm mənim atamın taleyinə, həm xalqımızın taleyinə və bizim familiyamıza aiddir. Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev ölkələrimizin və xalqlarımızın dostluq və həmrəyliyinin, bütöv nəsillərin ayrılmaz tarixi taleyinin ilhamvericisidir. Müstəqil Azərbaycanın qurulmasında və Rusiya ilə dostluq və strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsində onun tarixi rolu olub. Mayın 10-da biz Bakıda azərbaycanlı dostlarımızla birlikdə Heydər Əliyevin anadan olmasının 95 illiyini qeyd etdik və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin taleyinə və tarixi roluna həsr edilən sərgini açdıq. Rusiya onun həyatının ayrılmaz hissəsi, siyasi mənada yaxın, etibarlı və prioritet tərəfdaşı idi. Azərbaycanın milli maraqlarına söykənən bu estafeti Prezident İlham Əliyev layiqincə davam etdirir”.
Rusiyalı siyasətçinin sözlərinə görə, bu gün intensiv siyasi dialoq parlamentlər tərəfindən yüksək səviyyədə tamamlanır. Parlamentlər ikitərəfli münasibətlərin inkişafına sanballı töhfə verir, beynəlxalq parlament məkanlarında fəal qarşılıqlı fəaliyyət göstərirlər. Senator, həmçinin humanitar sahədə əməkdaşlığın inkişafından danışıb. “Heydər Əliyev Azərbaycanın sosial-mədəni inkişafında rus dilinin, rus mədəniyyətinin müsbət təsirinə həmişə diqqət yetirirdi. Biz Heydər Əliyevin “Rus dili Azərbaycanda həmişə olacaq” kimi müdrik kəlamını həmişə xatırlayacağıq”, - deyə İlyas Umaxanov bildirib.
Qarşıda duran böyük və konkret planlardan danışan Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov sentyabr ayında Gəncədə IX Rusiya-Azərbaycan Regionlararası Forumunun və Moskvada komissiyaların 17-ci iclası keçiriləcəyini bildirib. “Biz Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə nikbin yanaşırıq”, - deyə İlyas Umaxanov fikrini yekunlaşdırıb.
Bayram axşamı konsert proqramı ilə davam edib. Konsertdə Böyük Teatrın solisti, Azərbaycanın Xalq Artisti Dinara Əliyeva çıxış edib. O, “Azərbaycan Respublikasının Xalq Artisti” fəxri adına layiq görüldüyünə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva