İQTİSADİYYAT
Moskvada Azərbaycanda elektrik energetikası sistemi ilə bağlı kitab nəşr olunub
Bakı, 6 may, AZƏRTAC
“Azərenerji” ASC tərəfindən Azərbaycanda elektrik energetikası sisteminin texniki-iqtisadi vəziyyəti, respublikanın dövlət və hökumət orqanlarının bu sahə ilə bağlı mühüm qərar və tapşırıqları, elektrik enerjisi istehsalı və təchizatı müəssisələrinin inşası və fəaliyyəti, energetiklərin arxa və ön cəbhədə iştirakı barədə sənədlər, foto və çap materialları toplanaraq MDB Elektroenergetika Şurasının İcraiyyə Komitəsinə göndərilib. Bu günlərdə həmin toplu Moskva şəhərində çapdan çıxıb. Kitab MDB Elektroenergetika Şurasının Soçi şəhərində keçirilmiş 46-cı iclasın qərarına uyğun nəşr olunub.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, kitab Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın icrası ilə əlaqədar nəşr olunub.
Eyni zamanda Böyük Vətən müharibəsi veteranı qocaman energetik Əhməd Məmməd oğlu Mirzoyevə Qələbənin 70-ci ildönümü və 100 yaşı münasibətilə maddi yardım göstərilib.