İQTİSADİYYAT
Moskvada Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın iclası keçiriləcək
Moskva, 11 dekabr, AZƏRTAC
Dekabrın 14-də Moskvada Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 17-ci iclası keçiriləcək.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev sədrlik edəcəklər.
İclas iştirakçıları iki ölkə arasında, o cümlədən kənd təsərrüfatı, sənaye, nəqliyyat, energetika, tikinti və turizm kimi mühüm sahələrdə ticari-iqtisadi münasibətlərin cari vəziyyətini və perspektivlərini müzakirə edəcəklər.
Hər iki ölkənin iqtisadiyyatının şaxələndirilməsi, işgüzar dairələr arasında qarşılıqlı fəaliyyət şəraitinin yaxşılaşdırılması, habelə 2018-ci il sentyabrın 1-də Soçi şəhərində Rusiya və Azərbaycan Prezidentlərinin görüşündə qəbul edilmiş qərarların həyata keçirilməsi yolları iclasda əsas müzakirə mövzuları olacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva