CƏMİYYƏT


Moskvada “Dağ yəhudilərinin tarixi və mədəniyyəti” kitabının təqdimat mərasimi keçirilib

Moskva, 10 oktyabr, AZƏRTAC

Moskva Hökumətinin binasında “Dağ yəhudilərinin tarixi və mədəniyyəti” kitabının təqdimatı keçirilib. Bu əsər dünyanın müxtəlif ölkələrindən olan bir qrup alim tərəfindən hazırlanıb.

AZƏRTAC xəbər verir ki, tədbir Ümumdünya Dağ Yəhudiləri Konqresi tərəfindən Rusiyanın Sefard yəhudiləri icmaları Federasiyası ilə birlikdə Rusiya Federal Millətlər Agentliyinin dəstəyi ilə təşkil edilib.

Dağ yəhudilərinin tarixinin müxtəlif aspektlərinə, habelə bu xalqın ənənəvi və müasir mədəniyyətinə həsr edilmiş bu əsərdə dağ yəhudilərinin etnogenezi problemi, dünyanın müxtəlif dövlətlərində - İsrail, Rusiya, Azərbaycan, ABŞ, Kanada, Almaniya və Avstriyada müasir dağ yəhudiləri qruplarının vəziyyəti təhlil olunub. Rusiyalı və israilli müəlliflərdən ibarət beynəlxalq kollektiv tərəfindən ərsəyə gətirilmiş bu kitab nadir fotoşəkillərlə zəngin illüstrasiya edilib. Müəlliflərin fikrincə, bu kitab müasir və gələcək alimlər üçün, habelə dağ yəhudilərinin heyrətamiz icması ilə maraqlanan hər kəs üçün çox dəyərli, hətta ensiklopedik elmi və tədris vəsaiti olacaq.

Ümumdünya Dağ Yəhudiləri Konqresinin rəhbəri Akif Hilalov təqdimat mərasimində çıxış edib. O qeyd edib ki, Azərbaycandakı Qırmızı Qəsəbə dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə məskəndir. A.Hilalov deyib: “Bu qəsəbə mənim valideynlərimin Vətənidir, mənim yaxınlarım, doğmalarım orada yaşayır. Biz tez-tez oraya gedir, vaxtımızı orada keçiririk”.

A.Hilalov bildirib ki, dünyada dağ yəhudilərinin ümumi sayı 180 min nəfərdir. O vurğulayıb: “Sayca az olmağımıza baxmayaraq bizim xalqımız dünyaya xeyli sayda görkəmli şəxsiyyətlər bəxş edib. Onların arasında akademiklər, dövlət xadimləri və hərbi sərkərdələr var”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirdə çıxış edib. O, əslən Azərbaycandan olan, hazırda Rusiyada yaşayan dağ yəhudilərinin Vətən ilə əlaqələrini kəsmədiyinə, tez-tez Qırmızı Qəsəbədə olduqlarına görə onlara təşəkkürünü bildirib. Səfir qeyd edib ki, Azərbaycanda müxtəlif millətlərin nümayəndələri həmişə sülh və həmrəylik şəraitində yaşayıblar. Diplomat deyib: “Bu yaxınlarda mənə bir əhvalat söylədilər. Keçmiş SSRİ-də repressiya illərində Qırmızı Qəsəbədə unikal, qədim Tövrat nüsxəsi olub. Ovaxtkı “NKVD” (Xalq Daxili İşlər Komissarlığı) həmin nüsxəni müsadirə etmək qərarına gəlib. Onda yerli sakinlər bu kitabı qoruyub saxlamaq üçün onu məscidə veriblər. Sonradan, mülayimləşmə illərində müsəlman icması bu qədim kitabı yəhudi icmasına qaytarıb. İndi bu nadir fakt haqqında film çəkmək istəyirlər və mənə belə gəlir ki, həmin film böyük maraqla qarşılanacaq”.

Rusiyanın baş ravvini Berl Lazar AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, dağ yəhudiləri Azərbaycanda özlərini rahat və inamlı hiss edirlər. L.Berl deyib: “Bu yaxınlarda Azərbaycanda, Qırmızı Qəsəbədə oldum. İnsanlar çox razıdırlar, icma yaxşı inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti sayəsində ölkədə bütün xalqlar sülh və həmrəylik şəraitində yaşayır”.

Gecədə Moskva şəhərinin Milli siyasət və regionlararası əlaqələr departamenti rəhbərinin müavini, Dini təşkilatlarla əlaqələr idarəsinin rəisi Konstantin Blajenov, Rusiya Federal Millətlər Agentliyi rəhbərinin müavini Mixail İpatov, professor, dağ yəhudilərinin genealogiyası üzrə mütəxəssis Mixail Aqarunov, yəhudi mənşəli fransız yazıçısı, jurnalist Marek Xalter və başqaları çıxış ediblər.

Tədbirin təşkilatçıları kitab təqdimatı və rəsmi çıxışlardan əlavə, zəngin mədəni proqram da hazırlamışdı. Foyedə Azərbaycanda və Dağıstanda dağ yəhudilərinin tarixi və mədəniyyəti barədə sənədlərdən ibarət fotosərgi təşkil edilmişdi. Sonra sənədli film nümayiş etdirildi. Tədbir boyunca Azərbaycan və yəhudi musiqisi səsləndi, “Qarabağ” ansamblının solistləri rəqs etdilər, A.Tsalyukun rəhbərliyi ilə “Moskva yəhudi kişi kapellası” xoru çıxış etdi.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.