CƏMİYYƏT
Moskvada “Dağ yəhudilərinin tarixi və mədəniyyəti” kitabının təqdimatı keçiriləcək
Moskva, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da Moskva Hökumətinin binasında “Dağ yəhudilərinin tarixi və mədəniyyəti” kitabının təqdimatı keçiriləcək. Bu əsər dünyanın müxtəlif ölkələrindən olan bir qrup alim tərəfindən hazırlanıb.
AZƏRTAC xəbər verir ki, tədbir Ümumdünya Dağ Yəhudiləri Konqresi tərəfindən Rusiyanın Sefard yəhudiləri icmaları Federasiyası ilə birlikdə Federal Millətlər Agentliyinin dəstəyi ilə təşkil ediləcək.
Müəlliflərin fikrincə, bu kitab müasir və gələcək alimlər üçün, habelə dağ yəhudilərinin heyrətamiz icması ilə maraqlanan hər kəs üçün çox dəyərli, hətta ensiklopedik elmi və tədris vəsaiti olacaq.
Dağ yəhudilərinin tarixinin müxtəlif aspektlərinə, habelə bu xalqın ənənəvi və müasir mədəniyyətinə həsr edilmiş bu əsərdə dağ yəhudilərinin etnogenezi problemi, dünyanın müxtəlif dövlətlərində - İsrail, Rusiya, Azərbaycan, ABŞ, Kanada, Almaniya və Avstriyada müasir dağ yəhudiləri qruplarının vəziyyəti təhlil olunub. Rusiyalı və israilli müəlliflərdən ibarət beynəlxalq kollektiv tərəfindən ərsəyə gətirilmiş bu kitab nadir fotoşəkillərlə zəngin illüstrasiya edilib.
Monoqrafiya rusiyalı məşhur biznesmen və xeyriyyəçi, Ümumdünya Dağ Yəhudiləri Konqresinin rəhbəri Akif Hilalovun ideyası əsasında və onun təşəbbüsü ilə nəşr edilib. Kitab üzərində iş dörd ildən çox davam edib.
Tədbirdə kitabın təqdimatı və rəsmi çıxışlardan əlavə zəngin mədəni proqram nəzərdə tutulub – A.Tsalyukun rəhbərliyi ilə “Moskva yəhudi kişi kapellası” xorunun çıxışı, fotoqrafiyaların və arxiv sənədlərinin ekspozisiyası, dağ yəhudilərinin ənənəvi sənətkarlıq nümunələrinin nümayiş etdirilməsi, rəqs kollektivlərinin çıxışları planlaşdırılıb. Bayram furşetində dağ yəhudiləri mətbəxinin yeməkləri təklif olunacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva