MƏDƏNİYYƏT
Moskvada “İRS-Naslediye” jurnalının növbəti nömrəsi işıq üzü görüb
Moskva, 2 dekabr, AZƏRTAC
Moskvada “İRS-Naslediye” jurnalının növbəti nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnalın yeni nömrəsi nəşrin baş redaktoru Musa Mərcanlının “Baş tutmayan anneksiya” sərlövhəli məqaləsi ilə açılır.
Baş redaktor məqaləsində yazır ki, bu günlərdə Azərbaycanda Ermənistan tərəfindən otuz ilə yaxın müddət ərzində işğal altında saxlanılan torpaqların azad olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsində Zəfərin ildönümü təntənəli şəkildə qeyd edilir. “Yandırılmış torpaq zonası” kimi səciyyələndirməyə bütün əsasları olan Qarabağda aparılan bərpa işləri, eləcə də onun ətrafındakı siyasi vəziyyət ölkə ictimaiyyətinin artan diqqətini cəlb etməkdə davam edir. Müvafiq olaraq, bu mövzu “IRS-Naslediye” jurnalının diqqət mərkəzində qalır.
Nəşrdə rusiyalı politoloq Oleq Kuznetsovun işğaldan azad olunduqdan sonra bir il ərzində Qarabağ ətrafında baş verən hadisələrlə bağlı analitik məqaləsinin sonucu hissəsi dərc edilib. Müəllif qeyd edir ki, Ermənistanın ötənilki müharibədə hərbi məğlubiyyəti “miatsum” ideyası – Ermənistanın və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sözdə birləşməsi, yəni əslində, Azərbaycan ərazisinin bir hissəsinin anneksiyası ideyasının iflasına gətirib çıxardı. Belə birləşmə Ermənistan Respublikasının fundamental hüquqi sənədləri səviyyəsində milli məqsəd qismində qarşıya qoyulan vəzifə olduğundan belə çıxır ki, müasir Ermənistan dövləti hazırda əsas ideoloji əsasların birindən məhrum olub. Müəllif açılması 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatında nəzərdə tutulan Azərbaycanın qərb hissəsindən Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına və daha sonra da Türkiyəyə nəqliyyat dəhlizinin mövzusunu nəzərdən keçirərək, bu layihədə Ermənistan və ya Azərbaycandan daha çox Rusiyanın həm iqtisadi, həm də geosiyasi baxımdan maraqlı olması tezisi irəli sürür və əsaslandırır. Bundan əlavə, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində beynəlxalq vasitəçilik aləti kimi yaradılmış ATƏT-in Minsk Qrupunun vəziyyəti və gələcək perspektivləri təhlil edilib.
Müəllif belə qənaətə gəlir ki, indi Minsk Qrupu Qərbin əlində Rusiyanın geosiyasi maraqlarına uyğun olaraq keçən il payız müharibəsinin nəticələrini rəsmiləşdirən 10 noyabr 2020-ci il tarixli Birgə Bəyanata əks-çəkidir.
Nəşrdə “Foto irsi” və “Ədəbiyyat” rubrikaları bərpa olunub. Sonuncuda ötən əsrin görkəmli Azərbaycan şairi, qəzəl janrının dahi ustadı Əliağa Vahid haqqında material təqdim edilib.
Moskva tarixçisi E.İsmayılovun inqilabdan əvvəlki Rusiya imperiyasının ordusundakı Azərbaycan nizamsız birləşmələrinə həsr olunmuş silsilə materiallarının yenilənməsi oxucuların marağına səbəb olacaq.
Ötən əsrin ortaları Azərbaycan rəssamlığının görkəmli nümayəndəsi Səttar Bəhlulzadədən bəhs edən məqalə-esse oxucuların diqqətini cəlb edəcəkdir. Digər məqalədə Azərbaycanın indiki paytaxtının keçmiş memarlıq və şəhərsalma simasını bu günə qədər yaddaşlara çatdıran Bakı şəhərinin tarixi özəyi - orta əsr qalası haqqında qısa məlumat verilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva