Moskvada MDB İqtisadi Şurasının iclası və Beynəlxalq İqtisadi Forum keçiriləcək
AzerTAg.az

Moskva, 10 mart, AZƏRTAC
Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 97-ci iclası və “İnteqrasiya üzrə dialoq: MDB, Avrasiya İqtisadi İttifaqı (Aİİ), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), BRİKS” mövzusunda XV Beynəlxalq İqtisadi Forum keçiriləcək.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, martın 17-də keçirilməsi nəzərdə tutulan iclasa Qırğızıstan Respublikası sədrlik edəcək. Tədbirdə Birliyə üzv ölkələrin nümayəndələri MDB iştirakçı dövlətləri arasında iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən məsələləri müzakirə edəcəklər.
Həmin gün, MDB İqtisadi Şurasının iclası ilə paralel olaraq, “İnteqrasiya üzrə dialoq: MDB, Avrasiya İqtisadi İttifaqı (Aİİ), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), BRİKS” mövzusunda XV Beynəlxalq İqtisadi Forum təşkil ediləcək. MDB İcraiyyə Komitəsinin dəstəyi ilə forumun təşkilatçısı qismində Birlik ölkələrinin dövlət hakimiyyətlərinin iştirakı ilə biznes problemlərinin həlli üçün nüfuzlu illik platforma olan “MDB-nin iqtisadi İnkişaf işgüzar mərkəzi” çıxış edir.
Forumun işində MDB ölkələri Baş nazirlərinin müavinləri (MDB İqtisadi Şurasının üzvləri), iqtisadi inkişaf, maliyyə, sənaye və ticarət nazirliklərinin rəhbər şəxsləri, hakimiyyət orqanları, ticarət-sənaye palataları, sahə birlikləri və bank icmaları nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xəbərin mətnində orfoqrafik səhv var