Moskvada MDB-nin sərgi-yarmarka və konqres fəaliyyəti üzrə Dövlətlərarası Şurasının iclası keçirilib
AzerTAg.az
Moskva, 8 aprel, AZƏRTAC
Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Müstəqil Dövlətlər Birliyinin (MDB) sərgi-yarmarka və konqres fəaliyyəti üzrə Dövlətlərarası Şurasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı iclasda Rusiyadakı ticarət nümayəndəmiz Ruslan Əliyev və Ticarət Nümayəndəliyi aparatının baş müşaviri Namiq Xəlilov, Azərbaycanın Rusiyadakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Orxan Hacıyev və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində ticarət-sərgi mərkəzinin (Azərbaycan pavilyonu) direktoru Səadət Qədirova təmsil ediblər.
İclasda MDB-nin sərgi-yarmarka və konqres fəaliyyəti üzrə Dövlətlərarası Şurasının 2020-ci ildə gördüyü işlərə yekun vurulub, həmçinin 2021-ci il üçün birgə Fəaliyyət Planı və tədbirlər siyahısı təsdiqlənib. Dövlətlərarası Şuranın icraçı direktoru Lyudmila Rusinova və MDB ölkələri ilə iş üzrə departament rəhbərinin müavini İrina Yaremko Planın icrası və Şuranın fəaliyyəti barədə məlumat veriblər.
Sonda tədbir iştirakçıları MDB ölkələrinin pavilyonları ilə də tanış olublar. Qeyd edək ki, Azərbaycan pavilyonu fəal iş aparır. Pavilyonun ərazisində hər həftə konsertlər və maarifçilik tədbirləri, sərgi və ekspozisiyalar təşkil olunur. Pavilyonu ziyarət edənlər burada Azərbaycanın mədəniyyəti və ənənələri ilə tanış ola, sənədli və elmi filmlərə tamaşa edə, Azərbaycan istehsalçılarının məhsullarının təqdim olunduğu ticarət zonasını ziyarət edə bilərlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva


Xəbərin mətnində orfoqrafik səhv var