MƏDƏNİYYƏT


Moskvada “Məkanın harmoniyası: Azərbaycanın ənənəvi incəsənəti” adlı sərgi açılıb

Moskva, 11 aprel, AZƏRTAC

Moskvada, Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində “Məkanın harmoniyası: Azərbaycanın ənənəvi incəsənəti” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycanın və Rusiyanın mədəniyyət nazirlikləri, ölkəmizin Moskvadakı səfirliyi, Azərbaycan Xalça Muzeyi və Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi tərəfindən təşkil edilib.

Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin direktoru Aleksandr Sedov sərgini açaraq Azərbaycan Xalça Muzeyini “dünyanın ən yaxşı muzeylərindən biri” adlandırıb. A.Sedov deyib: “Biz çox fəxr edirik ki, bizim muzey Azərbaycan Xalça Muzeyinin sərgisi üçün öz zallarını təqdim edib. Bakılı həmkarlarımızın razılığı ilə biz bu sərgiyə bəzi əşyalar əlavə etmişik və onlar vahid tam təşkil ediblər”.

Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət üzrə attaşesi Nigar Axundova xatırladıb ki, Şərq Xalqları İncəsənəti Muzeyində Azərbaycan sərgisi keçirilməsi ilk dəfə deyil. İndiyə qədər burada Azərbaycan rəssamlarının sərgiləri təşkil edilib. N.Axundova vurğulayıb: “Burada Azərbaycan mədəniyyətinə çox qayğı ilə yanaşırlar, Şərq Muzeyinin hər bir sərgisində bizim ölkə ilə bağlı əşyalara rast gəlmək olar”.

Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin uğurlu inkişafı barədə məlumat verib. O, Şərq Xalqları İncəsənəti Muzeyinin kollektivinə bu sərginin təşkilinə göstərdiyi köməyə görə təşəkkürünü bildirərək qeyd edib ki, “Məkanın harmoniyası: Azərbaycanın ənənəvi incəsənəti” sərgisi iki muzey bazasında yaradılıb.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova deyib: “XIX əsrə aid “Bəhmənli” adlı Qarabağ xalçası bu sərginin əsas eksponatıdır. Bu xalça 1918-ci ildən Şərq Xalqları İncəsənəti Muzeyinin eksponatları arasına düşüb. Sərgi xalqımızın ruhunu, gözəllik və xüsusi harmoniya duyğusunu nümayiş etdirir.

Şirin Məlikova daha sonra əlavə edib ki, Bakı və Moskva muzeyləri sıx əməkdaşlıq edirlər. O, Şərq Xalqları İncəsənəti Muzeyini Bakıda sərgi keçirməyə dəvət edib.

Sərginin kuratoru Mariya Filatova deyib: “Azərbaycanda çox görkəmli insanlar doğulub və dünyanın müxtəlif guşələrinə səpələniblər. Mənim də uşaqlıq dövrümün çox hissəsi Bakıda keçib. Sonra uzun müddət oraya getməmişəm. 2001-ci ildə Şərq Xalqları İncəsənəti Muzeyində işə daxil olandan sonra ilk səfərim Bakıya olub. Bu şəhəri yenidən gördüm, Xalça Muzeyinin direktoru Şirin xanım ilə tanış oldum, biz dostlaşdıq. Taleyimdən çox razıyam ki, mənim şəxsi zövqüm və işim bir-biri ilə sıx bağlıdır”.

“Məkanın harmoniyası: Azərbaycanın ənənəvi incəsənəti” sərgisində Azərbaycan Xalça Muzeyinin və Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyalarından 100-dən çox dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdirilir.

Ekspozisiyanın məqsədi sərgiyə gələnləri XIX əsrdə və XX əsrin əvvəlində Azərbaycan evlərinin ənənəvi interyerinin bənzərsiz xüsusiyyətləri, o cümlədən xalçalar və toxuculuq nümunələri barədə məlumatlandırmaqdır. Sərginin ziyarətçiləri toy mərasimi ilə bağlı, ənənəvi cehizin ayrılmaz hissələri sayılan əşyalarla tanış olacaqlar. Ayrıca bir vitrin bütünlüklə kəlağayının hazırlanması ilə bağlı alətlərə və digər atributlara həsr edilib. Ekspozisiyanın bir hissəsində dini inanclarla bağlı müxtəlif əşyalar, o cümlədən, namaz xalçaları, ənənəvi həmayillər nümayiş etdirilir.

Sərgi mayın 12-nə qədər davam edəcək.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.