MƏDƏNİYYƏT


Moskvada “Nəsimi poeziyası – insana himn: Şərqin və Qərbin mənəvi-mədəni dəyərlərinin sintezi” mövzusunda konfrans keçirilib VİDEO

Moskva, 1 noyabr, AZƏRTAC

Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda “Nəsimi poeziyası – insana himn: Şərqin və Qərbin mənəvi-mədəni dəyərlərinin sintezi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Heydər Əliyev Fondunun, Rusiya Fəlsəfə Cəmiyyətinin və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konfransda “Müasir fəlsəfə, Nəsiminin mədəni-tarixi metodologiyaları və mənəvi irsi”, “Nəsimi ideyaları və hürufilik: anlayış məsələləri və müasir interpretasiya”, “Nəsimi yaradıcılığında humanizm problemi”, “Nəsimi poeziyasında insan və mədəni dəyərlərin təsdiqi”, “Nəsimi estetikasında mənəvi kamillik” və digər mövzularda məruzələr dinlənilib.

Konfransın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun elmi rəhbəri Abdulsalam Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə və başqaları çıxış ediblər.

Konfransın işində müxtəlif ölkələrdən, o cümlədən Rusiya, Azərbaycan, ABŞ, İran, Türkiyə, Finlandiya, Özbəkistan alimləri iştirak ediblər.

Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun elmi rəhbəri, akademik Abdulsalam Hüseynov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Nəsimi dahi şair, humanizmin bünövrəsini qoyanlardan biridir. O deyib: “Nəsiminin “Sığmazam” qəzəli insan himnidir. XIV əsrdə insanı belə qüvvə, dərinlik və ardıcıllıqla vəsf etmək böyük cəsarət tələb edirdi. Bu gün Nəsimi ideyaları olduqca aktualdır”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.