QAN YADDAŞI


Moskvada Qara Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib

Moskva, 21 yanvar, AZƏRTAC

Moskvada Qara Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Moskvadakı səfirliyi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş onlayn konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin deputatı Nizami Səfərov, İsrail-Azərbaycan “Azİz” beynəlxalq assosiasiyasının prezidenti Lev Spivak, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, Azərbaycan Yazıçılar İttifaqının Moskva bölməsinin sədri Abuzər Bağırov, yazıçı Yuri Pompeyev, politoloq Aleksandr Karavayev, şair, Azərbaycan Yazıçılar İttifaqının Moskva bölməsinin katibi İlham Bədəlbəyli, həmçinin səfirliyin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, ictimaiyyət, Rusiya Azərbaycanlı Gənclər Birliyinin və Rusiyadakı diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

Səfir Polad Bülbüloğlu tədbir iştirakçılarını salamlayaraq konfransın işində iştirak etdiklərinə görə onlara dərin minnətdarlığını bildirib. Diplomat çıxışında 1990-cı il 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixinin ən faciəli, kədərli, eyni zamanda, rəşadətli səhifələrindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, 20 Yanvar faciəsinə Dağlıq Qarabağda baş qaldıran separatçı hadisələr təkan verib, sovet hakimiyyətinin fəaliyyətsizliyi onsuz da çətin olan vəziyyəti daha da ağırlaşdırıb. Məhz bu, Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün çoxdan hazırlıqlara başlamış erməni lobbisinin iddialarını alovlandırıb.

Polad Bülbüloğlu bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün vəzifələrdən uzaqlaşdırıldıqdan sonra ermənipərəst qüvvələr bundan istifadə edərək Ermənistan-Azərbaycan münaqişəsinin, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əsasını qoyublar.

Səfir sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər barədə konfrans iştirakçılarını məlumatlandıraraq, SSRİ-nin mərkəzi orqanlarının belə qəddar addımının əks effekt verdiyini iştirakçıların diqqətinə çatdırıb. İnsanlar hökumətin öz vətəndaşlarını tanklarla əzdiyi ölkədə yaşamağın mümkün olmadığını anlamağa, partiya vəsiqələrini meydanlarda yandırmağa başlayıblar. Faciə geriyə yolu bağlayan həmin qırmızı xəttə çevrilib. 1990-cı ilin Qanlı 20 Yanvar gecəsi xalqın iradəsinin sarsılmazlığını nümayiş etdirib. Çoxsaylı qurbanlar, qan tökülməsi insanlarda o vaxt gedən proseslərin dönməzliyinə əminliyi daha da artırıb.

Bu faciə Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub və bu gün həmin hadisələrlə bağlı bütün həqiqətlərin gələcək nəsillərə çatdırılması olduqca vacibdir. Səfir onu da vurğulayıb ki, o illərdə ölkəmizin və onun vətəndaşlarının maraqlarını qorumağa qadir lider yox idi.

Diplomat vurğulayıb ki, Moskvadakı səfirliyin binası Azərbaycan xalqı üçün xüsusilə əzizdir. Məlum olduğu kimi, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə hazırda Azərbaycan səfirliyinin yerləşdiyi binaya gələrək xalqı ilə bir yerdə olduğunu nümayiş etdirib, o zaman Azərbaycanın düşdüyü informasiya blokadasını yarıb, mətbuat konfransında siyasi bəyanatla çıxış edib, bu vəhşiliyi kəskin şəkildə pisləyib, dinc silahsız insanların qətliamına hüquqi qiymət verərək, günahkarların cəzalandırılmasını tələb edib. Onun cəsarətli çıxışı sayəsində dünya ictimaiyyəti faciə ilə bağlı həqiqətləri öyrənib və SSRİ-nin ovaxtkı rəhbərlərinin törətdikləri cinayətin pislənməsi ilə bağlı prinsipial mövqe sərgiləyib. O vaxt totalitar rejim şəraitində sistemə meydan oxuyan özünü çox ağır fəsadlara məhkum etmiş olurdu, lakin Heydər Əliyev bundan qorxmayıb. Belə bir addım böyük cəsarət və şücaət tələb edirdi.

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra Milli Məclisin 1994-cü ilin fevralında keçirilmiş növbədənkənar sessiyasında 1990-cı il 20 Yanvar faciəsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, aparılmış müzakirələr nəticəsində “1990-cı il 20 yanvar Bakı şəhərində baş vermiş faciəli hadisələr haqqında” Qərar qəbul olunub.

Faciədən 32 il keçməsinə baxmayaraq, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin müddəalarını kobud şəkildə pozan, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan bu hadisəyə beynəlxalq siyasi-hüquqi qiymət hələ də verilməyib. Beynəlxalq hüquqa əsasən, bu cür hadisələr insanlığa qarşı cinayət kimi tövsif edilməli, onun təşəbbüskarları və icraçıları məsuliyyətə cəlb olunmalıdır.

Polad Bülbüloğlu xüsusilə vurğulayıb ki, bu gün Azərbaycan xalqı, Azərbaycanın indiki rəhbərliyi Sovet İttifaqının mərkəzi hakimiyyətinin ozamankı əməllərini müasir demokratik Rusiya ilə əlaqələndirmir.

Səfir xüsusi iftixar hissi ilə qeyd edib ki, bu gün ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhları rahatlıq tapıb. Rəşadətli Ordumuz 30 ildən sonra bütün Azərbaycan xalqını bir dəmir yumruq kimi birləşdirməyi bacaran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzunmüddətli münaqişəyə son qoyub, əzəli torpaqlarımızı erməni işğalından azad edib.

Polad Bülbüloğlu diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, orada kommunikasiya xətlərinin bərpası, yolların inşası istiqamətində genişmiqyaslı işlər aparılmaqdadır. Füzuli rayonunda qısa müddətdə beynəlxalq hava limanı tikilib istifadəyə verilib, Laçın və Zəngilan rayonlarında daha iki hava limanının tikintisi nəzərdə tutulub, Şuşa şəhərinə aparan Zəfər yolu inşa olunub.

Səfir Şuşada uğurla keçirilən “Xarıbülbül” musiqi festivalı, yenidənqurmadan sonra dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərəsinin və Bülbülün ev-muzeyinin açılışlarından da danışıb, ölkə rəhbərliyi tərəfindən Qarabağa tezliklə dinc həyatın qayıtması üçün bütün imkanlardan istifadə olunduğunu qeyd edib.

Konfransda çıxış edən deputat Nizami Səfərov iştirakçıların diqqətinə çatdırıb ki, bu faciə hələ 1973-cü ildə keçmiş Sovet İttifaqı tərəfindən ratifikasiya edilmiş Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin kobud şəkildə pozulmasıdır. Onun fikrincə, bu cinayət insanlığa qarşı cinayət kimi tövsif edilməlidir. Çünki belə cinayətlər müasir beynəlxalq hüquqda əsas cinayətlərdən biri sayılır və həm milli səviyyədə, həm də beynəlxalq cinayət hüququ çərçivəsində Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunur. Nizami Səfərov qeyd edib ki, belə cinayətlərin iddia müddəti yoxdur və bütün günahkarlar gec-tez cəzalarını alacaqlar.

Politoloq Aleksandr Karavaev 1990-cı ilin Yanvar hadisələrinə toxunaraq, belə faciəvi ssenarilərin qarşısının alınması üçün sovet sisteminin keçmiş sovet respublikalarında real vəziyyəti əsaslı şəkildə qiymətləndirmək, mövcud hala operativ və adekvat reaksiya vermək iqtidarında olmadığını vurğulayıb.

Daha sonra çıxış edən Lev Spivak, Abuzər Bağırov, Yuri Pompeyev və İlham Bədəlbəyli qanlı gecə ilə bağlı xatirələrini bölüşüb, dinc əhalinin qətlə yetirilməsinin yolverilməzliyini, bütün günahkarların cəzalandırılmasının və onların mənəvi qınanılmasının vacibliyini vurğulayıblar. Həmçinin qeyd olunub ki, 1990-cı ilin 20 Yanvar hadisələri bütün Azərbaycan xalqını öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə birləşdirib.

Natiqlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqını tarixi Qələbə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinin aparıldığını vurğulayıblar.

Konfransın sonunda İlham Bədəlbəyli 20 Yanvar qurbanlarına həsr etdiyi şeirini oxuyub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.