CƏMİYYƏT
Moskvada “Ramazan çadırı”nda Türkiyə axşamı keçirilib
Moskva, 29 aprel, AZƏRTAC
Moskvada “Ramazan çadırı”nda Türkiyə axşamı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçısı qismində Türkiyənin Moskvadakı səfirliyi çıxış edib. Ənənəyə görə, Moskvanın və paytaxt regionunun çoxmillətli müsəlman ümməsinin nümayəndələri çadırın qonaqları olub.
Moskva Müsəlmanları Ruhani İdarəsinin sədri İldar Əlautdinov RF Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Şeyx Ravil Qaynitdinin adından qonaqları salamlayıb. O, xeyriyyəçilik və sosial layihələrin həyata keçirilməsi məsələlərində fəallığa görə Türkiyə nümayəndələrinə təşəkkürünü bildirib.
Bu əməkdaşlığın illər boyu davam etdiyini vurğulayan İldar Əlautdinov qarşıdakı illərdə RF Müsəlmanları Ruhani İdarəsinin və Türkiyə Cümhuriyyəti Dini İşlər İdarəsinin birgə təşəbbüslərini daha da inkişaf etdirmək niyyətində olduqlarını bildirib.
Türkiyənin RF-dəki səfiri Məhmət Samsar tədbirdə çıxış edib. O qeyd edib ki, Ramazan bizim qəlbimizə rahatlıq və məmnunluq gətirir, dostluğumuzu və qardaşlığımızı möhkəmləndirir.
Səfir RF Müsəlmanları Ruhani İdarəsi və Türkiyə Cümhuriyyəti Dini İşlər İdarəsi arasında səmərəli əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə səmimi ümidvar olduğunu bildirib.
Tədbirin proqramına Türkiyənin mədəniyyəti və ənənələri barədə videoçarxlar, habelə “Sufiks” sufi musiqisi ansamblının çıxışı daxil idi.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva