DÜNYA
Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilib VİDEO
Moskva, 10 mart, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya rəsmi səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
Prezident Vladimir Putin qeyd edib ki, artıq iki ölkənin dövlətlərarası münasibətləri bərpa olunur. Son vaxtlar Rusiya bu münasibətlərin hər iki ölkəyə layiq səviyyəyə qalxması üçün fəal çalışır. Dövlət başçısı xüsusi vurğulayıb ki, Rusiya ilə Türkiyənin hərbi və xüsusi xidmət idarələri arasında etimad yüksəkdir və onlar çox səmərəli əməkdaşlıq edirlər. Rusiya-Türkiyə iqtisadi-ticarət əlaqələri də bərpa olunur, sərmayələr sahəsində əməkdaşlıq və iri layihələrin həyata keçirilməsinə hazırlıq davam edir. Rusiya Prezidenti energetika sahəsində, o cümlədən “Akkuyu” atom elektrik stansiyasının inşası ilə bağlı əməkdaşlığın da yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, iki ölkə “Türk axını” və “Akkuyu” AES-in inşası istiqamətində fəal əməkdaşlıq edir. O deyib ki, hazırda Türkiyə-Rusiya əməkdaşlığının başlıca istiqamətləri müdafiə sənayesi və energetikadır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva