MƏDƏNİYYƏT


Moskvada Rusiya və Türkiyə qarşılıqlı Mədəniyyət və Turizm İlinin açılışı olub

Moskva, 9 aprel, AZƏRTAC

Moskvada Rusiya və Türkiyə qarşılıqlı Mədəniyyət və Turizm İlinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Moskvadakı Böyük Teatrın tarixi səhnəsində Ankara Dövlət Opera və Balet Teatrı artistlərinin ifasında “Troya” operası böyük uğurla nümayiş etdirilib.

Tədbiri Rusiya mədəniyyət naziri Vladimir Medinski və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Ərsoy açıblar.

Nazir Vladimir Medinski çıxışında qeyd edib ki, qarşılıqlı Mədəniyyət və Turizm İli çərçivəsində keçiriləcək hər tədbir mədəni irsin təbliğinə, turizmin inkişafına, iki xalq arasında dostluq əlaqələrinin genişlənməsinə yönəldilib. O, maraqlı və parlaq səhnə əsəri olan “Troya” operasını Moskva tamaşaçılarına təqdim etdiklərinə görə türkiyəli dostlarına təşəkkürünü bildirib.

Türkiyəli nazir Mehmet Ərsoy iki ölkə arasında dostluq əlaqələrinin dərin köklərindən danışıb. O xatırladıb ki, böyük türk şairi Nazim Hikmət bir çox sevilən əsərlərini məhz Rusiyada yaradıb.

Nazir qarşılıqlı Mədəniyyət və Turizm İlinin bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə edərək bildirib ki, türk mədəniyyət və incəsənət xadimləri bir il ərzində Moskvada, Sankt-Peterburqda, Kazanda rusiyalı tamaşaçılarla görüşəcəklər.

“Troya” operasının müəllifi və bədii rəhbəri Murat Karaxandır. Opera antik Troya şəhərinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsinin 20-ci ildönümü münasibətilə 2018-ci ildə səhnələşdirilib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.